İREX, RATİ-nin şikayəti – AİHM araşdırmağa başlayıb

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 3 şikayəti araşdırmağa başlayıb. Araşdırılan şikayətlər yerli və xarici QHT-lərin ofisində axtarış aparılması, götürmə həyata keçirilməsi, habelə, vətəndaş cəmiyyəti fəallarının axtarışa məruz qalması ilə bağlıdır.

Şikayətlərdən ikisini AİHM-ə İREX və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu İctimai Birliyi 2015-ci ildə göndərib. Şikayətlərdə bu təşkilatların ofisində axtarış aparlmasının, avadanlıqların, təşkilatın sənədlərinin götürlməsinin qanunsuz olması iddia olunur.

RATİ-nin işində vurğulanır ki, dövlət bütün bu prosesləri reallaşdırarkən Konvensiyanın 6-cı (ədalətli məhkəmə), 8-ci (şəxsi və ailə həyatına hörmət), 11-ci (toplaşmaq)və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrini və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsini pozub. İREX-in işində isə Konvensiyanın 6, 8, 18-ci , eləcə də mülkiyyət hüququnun pozuntusu mübahisələndirilir.

Kommunikasiya edilən 3-cü şikayəti vətəndaş cəmiyyəti fəalı Rahim Vəliyev göndərib. O, axtarışa məruz qalması, kompüterinin, telefonunun götürülməsinin qanunsuzuluğundan şikayət edib.

R.Vəliyev ədalətli məhkəmə, şəxsi və ailə həyatına hörmət, ifadə azadlığı, mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edir.

AİHM hər 3 işlə bağlı hökumətə suallar göndərib.