İNTERNET AZADLIĞI: AZƏRBAYCAN QANUNVERİCİLİYİ VƏ PRAKTİKASI – ANALİZ

Bu araşdırmada spesifik olaraq Azərbaycanda internet azadlıqlarının üç əsas sahəsi, (i) internetə çıxış, (ii) internetdə məzmunu tənzimləyən milli qanunvericiliyin beynəlxalq insan hüquqları standartları ilə müqayisəli təhlili və (iii) internetdə ifadə azadlığı və media azadlığının vəziyyətinə dair milli qanunvericilik və praktika nəzərdən keçirilir.

Araşdırmanın birinci fəsli “internetə çıxış: infrastruktur və milli hüquqi çərçivələr” adlanır. Bu fəsildə internetə çıxışın insan hüquqları və azadlıqlarının həyata keçirilməsindəki mühüm rolu, həmçinin bəzi yurisdiksiyalarda, habelə bağlayıcı olmayan (soft law) beynəlxalq sənədlərdə internetə çıxışın insan hüquqları olduğuna dair getdikcə möhkəmlənən baxışdan bəhs edilir.  İnternetə çıxışa dair möhkəmlənən insan hüquqları yanaşmasından bəhs edilərkən Azərbaycanda insanların internetə çıxışda üzləşdikləri hüquqi, texniki və siyasi maneələr və onların yaratdığı nəticələri ətraflı təhlil edilir. Araşdırmanın bu fəsli internetə çıxışın qismən və tamamən bağlanmasının (dayandırılmasının) milli qanunvericilik əsaslarının beynəlxalq insan hüquqları normaları və standartları ilə müqayisəli təhlilini də əhatə edir.

“İnternetdə məzmunu tənzimləyən milli qanunvericilik və beynəlxalq standartlara uyğunluq” adlı ikinci fəsildə Azərbaycanda informasiyanın məzmunun onlayn mühitdə milli hüquqi tənzimləməsinin müvafiq beynəlxalq hüquqi standartlarla müqayisəli şəkildə əhatəli təsviri verilir. Burada müvafiq milli hüquqi çərçivələrin beynəlxalq standartlarla uzlaşmadığı vurğulanır. Bu uyğunsuzluq hallarının yerli qanunvericilikdə qeyri müəyyən şəkildə ifadə edilən bir sıra anlayışların beynəlxalq insan hüquqlarında təsbit edilmiş keyfiyyətli qanun standartına cavab verməməsində özünü göstərdiyi qeyd olunur.

Araşdırmanın “İnternetdə ifadə və media azadlığının vəziyyəti” adlı üçüncü fəslində isə Azərbaycanda internet məkanına nəzarəti və tənzimləməni təmin edən normativ hüquqi aktlarının daha çox tətbiqi nəticəsində yaranmış vəziyyətə diqqət çəkilir. Bu fəsildə, əsasən, qanunvericilikdə mövcud olan məhdudlaşdırıcı və sui-istifadəyə açıq olan normaların tətbiqinin internetdə ifadə azadlığı və media azadlığı ilə bağlı beynəlxalq standartlara uyğunsuzluğu nəzərdən keçirilir. Qanunların tətbiqi ilə bağlı vəziyyət nəzərdən keçirilərkən Azərbaycanda internetdə ifadə azadlığının bir çox aspektləri, o cümlədən diffamasiyaya görə cinayət məsuliyyətinin qalması və onun cari tətbiqi təcrübəsi, prokurorluq və məhkəmələr tərəfindən “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun tənqidçi fəallara qarşı problematik tətbiqinə (istifadəsinə) nəzər yetirilir.

Bu araşdırma ilə bağlı tədqiqatlar müvafiq mövzulara dair milli qanunvericiliyin beynəlxalq insan hüquqları sənədləri ilə müqayisəli tədqiqini, milli qanunvericiliyin tətbiqi ilə bağlı əlaqəli yerli və beynəlxalq hesabatların, məhkəmə qərarlarının və mediada yayımlanan məlumatların toplanılması və nəzərdən keçirilməsini əhatə edən bir neçə mərhələdə aparılıb.

Araşdırma Müstəqil Hüquqşünaslar Şəbəkəsi tərəfindən hazırlanıb. 

Araşdırmanın tam mətni ilə tanış olmaq üçün PDF yükləyin