Hökumətin Birtərəfli Bəyanatları – AIHM bələdçisi

İlkin qeyd kimi bildirmək yerinə düşər ki, BB, adətən DH danışıqları nəticə vermədikdə, başqa sözlə, DH şərtlərinin ərizəçi tərəfindən qəbul edilmədiyi zaman Cavabdeh Hökümətlərin verdiyi bəyanatdır.

Son zamanlar Məhkəmə tərəfindən aktiv şəkildə istifadə olunmağa başlayan bu təcrübə[1], ərizəçilərdə və onların nümayəndələrində narahatlıqlara və bəzi suallara səbəb olur. Bu sualların bəzilərinə cavab verməyə çalışaq.

BB-nin hüquqi əsası nədir?

Dostcasına həll (bundan sonra “DH”) AİHK-də, maddə 39-da nəzərdə tutulsa da, Konvensiyada Birtərəfli Bəyanatlar (bundan sonra “BB”) barədə heç nə yoxdur. BB Konvensiyanın 37.1 (c) maddəsiylə bağlı məhəkəmə təcrübəsində yaranıb və son zamanlar kifayət qədər müntəzəm şəkildə istifadə olunur.

Maddə 37-in müvafiq hissəsinə nəzər salaq:

Şikayətlərin siyahıdan çıxarılması

1. Əgər vəziyyət aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istənilən mərhələsində Məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:

(c) Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa.

Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir.

Səbzalıyev və Başqaları Azərbaycana qarşı işində də istinad olunan Tahsin Acar Türkiyəyə qarşı işi əslində BB ilə bağlı açar işdir (müvafiq paraqrafların ingilsicə mətni aşağıda [2]). Bu işdə AİHM BB-nin qəbul olunması və Məhkəmənin insan haqqlarına hörmət prinsipinin işin araşdırılmasını tələb etmədiyini hesab etməsi və nəticədə işin sihayıdan çıxarılması üçün hansı şərtlərə əməl olunmalı olduğunu göstərib. Bu testə, daha aydın analaşılsın deyə sonrakı məhəkəmə təcrübəsindən nümunələrin işığında nəzər salaq:

Şikayətlərin xarakteri: hansı məsələlərlə bağlı BB verilə bilər? Bu suala tam cavab vermək mümkün olmasa da, bəzi mülahizələr yürütmək olar. Əsas meyar, bunların yəqin ki, Məhkəmənin insan haqqlarına hörmət prinsipinin işin araşdırılmasını tələb etmədiyini hesab etməsinə uyğun şikayətlər olmasıdır.
Məhkəmənin yurispridensiyasından görünür ki, aşağıdakı məsələlər BB predmeti ola bilər:

– dini icmaların qeydiyyata alınmaması (Yahova Şahidləri və Başqaları Gürcüstana qarşı),

– mülki məhkəmə prosesinin uzunluğu (İsayeva Ukraynaya qarşı, Somogyi və Başqaları Rumıniyaya qarşı),

– əgər ərizəçi artıq həbsdə deyilsə, həbs qətimkan tədbirinin uzunluğu (Zherebin Rusisyaya qarşı), təcridxananın (Sadretdinov Rusiyaya qarşı) və ya həbsxana şəraitinin (Zubkov Rusiyaya qarşı) insan ləyaqətinə uyğunsuzluğu və buna görə ölkədaxili hüquq müdafiə vasitəsinin olmaması

– məhkəmə qərarlarının icrasında gecikmə (Gerasimov və başqaları Rusiyaya qarşı)

– analıq məzuniyyəti (Topčić-Rosenberg Xorvatiyaya qarşı)

Burada bir xorvat işini xatırlatmadan keçmək olmaz. Žarković və Başqaları Xorvatiyaya qarşı işindən görünür ki, oturuşmuş məhkəmə təcrübəsi olduqda (aşağıdakı, 2-ci şərt mövcud olduqda) ölüm və ya itkin düşmə hallarının araşdırılmaması və bununla bağlı ayrı-seçkilik şikayəti kimi olduqca ciddi şikayət də BB predmeti ola bilər və Məhkəmə tərəfindən qəbul olunar.

Güman etmək olar ki, şəxs, məsələn, məhkəməyə qədər həbsdədirsə, həbs qətimkan tədbiri dəfələrlə uzadılıbsa, məhkəməyəqədər həbsin uzunluğundan və ya saxlanma şəraitindən şikayət edirsə, BB Məhkəmə tərəfindən qəbul olunmaz.

Qaldırılan məsələlər Məhkəmənin əvvəlki işlərdə baxmış olduğu məsələrlə müqayisə oluna bilərmi?
Bununla bağlı ilk olaraq qeyd etmək lazımdır ki, hər ölkənin özü ilə bağlı məhkəmə təcrübəsinin olması vacib deyil. Yahova Şahidləri Birliyi və başqaları Gürcüstana qarşı işində Məhkəmə dini icmaların qeydiyyatı ilə bağlı Rusiyaya qarşı qərarlarına istinad edir və qeyd edir ki, bu mövzuda oturuşmuş məhkəmə təcrübəsi mövcuddur.

Tomasso İtaliyaya qarşı işində Hökumət BB versə də, işin predmeti olan spesifik məsələ ilə bağlı məhkəmə təcrübəsi olmadığından, Məhkəmə işi sihayıdan çıxarmaqdan imtina edib və işi araşdırıb.

Cavabdeh Hökumət tərəfindən hər hansı belə əvvəlki işdə qərarın icrası üçün görülən tədbirlərin təbiəti və əhatəsi və onların hazırki işə təsiri.
Bu şərtlə bağlı qeyd etmək lazımdır ki, yuxarıda istinad etdiyimiz Zarkovic işində BB qəbul olunsa da, Məhkəmə Hökumətin araşdırma öhdəliyinin davam etdiyini vurğulayıb. Eyni yanaşma bir latış işində[3] də görülür.

Tərəflər arasında faktlarla bağlı mübahisə varmı? Varsa, hansı dərəcədə mübahisə var və tərəflərin təqdimatlarına hansı prima facie sübut dəyəri verilməlidir. Məhkəmə özü faktları müəyyənləşdirmək üçün sübutlar toplayıbmı?

Hökumət iddia olunan Konvensiya pozuntularını qəbul edirmi? Edirsə, hansı dərəcədə edir? Onları necə aradan qaldırmaq niyyətindədir?

Hökumət BB-də açıq şəkildə pozuntunu tanımalı və Məhkəmənin adətən pozuntu tanıdığı qərarlarda təyin etdiyi məbləğdən ağlabatan dərəcədə fərqlənməyən kompensasiya verəcəyini bəyan etməlidir. Topčić-Rosenberg Xorvatiyaya qarşıişində Xorvat Hökumətinin təklif etdiyi məbləği (4000 Avro) Konstantin Markin işində özünün təyin etdiyi məbləğlə (6150 Avro) müqayisə edən Məhkəmə, bu son məbləğin ağlabatan olmayan dərəcdə az olduğu əsasıyla, BB-ni qəbul etməyib. Bu işdə Hökumətin təklif etdiyi məbləğ 35% azdır.

Son sualla əlaqdar, məsələn, qərarın icarsı üçün işin yenidən açılmasına ehtiyac varsa və bu, BB əsasında siyahıdan çıxarılma halında ölkədə mümkün olmaycaqsa, Məhkəmə Hökumətin BB-ni qəbul etmir[4].

Bu şərt siyahısı tam deyil və işin xüsusiyyətlərindən asılı olaraq, başqa mülahizələr də irəli sürülə bilər.
Deməli, BB-nin qəbul olunmasını istəməyən ərizəçi bu şərtlərin onun işində mövcud olmadığını göstərməlidir.

Səbzaliyev və başqaları Azərbaycana qarşı işi

Səbzaliyev işindəki siyahıdan çıxarılma qərarında Məhkəmə sadəcə ərizəçinin BB-ni qəbul etmədiyini qeyd edir və arqumentlərin nədən ibarət olmasını göstərmir.

Bəs hər hansı arqumentlə məhz bu işdə Məhkəməni BB-ni qəbul etməməyə inandırmaq olardımı?

Gəlin Tahsin Acar testini bu işə tətbiq etməyə çalışaq:

Şikayətin xarakteri: Maddə 5.3 altında məhəkəməyə qədərki həbsin uzunluğuna aiddir. Məhkəmə BB-ni araşdırdığı vaxtda, ərizəçilər azadlıqdadırlar

Bu məsələ ilə bağlı Məhkəmə dəfələrlə qərar verib, xüsusilə Azərbaycana qarşı, elə Səbzəliyev-də isitnad olunan Fərhad Əliyev, İsayeva və s kimi işlər var.

Cavabdeh Hökumət tərəfindən hər hansı belə əvvəlki işdə qərarın icrası üçün görülən tədbirlərin təbiəti və əhatəsi və onların hazırki işə təsiri məsələsi mübahisə doğura bilər. Məhkəmənin dəfələrlə pozuntu qərarı verməsinə baxmayaraq, Azərbaycanda məkəməyə qədərki həbs praktikasında ciddi probelmlərin olduğunu, uzadılma zamanı formal yanaşmanın davam etidyini və problemin aradan qalxması üçün əvvəlki qərarların icrası üçün ümumi tədbirlərin görülmədiyini və ya görülübsə də səmərəli olmadığını irəli sürmək olar. Lakin bu arqument də hazırki işdə BB-nin qəbul edilməməsi üçün əsas olmayacaq kimi görünür. Çünki əvvəlki qərarların icrasıyla bağlı hər hansı çətinlik bizim hazırki işin icrası üçün elə bir təsirə malik deyil. Ərizəçilər artıq azadlıqdadırlar. Onların işində əslində Hökumətin pozuntunu tanıması və kompensasiya ödəməsi hüquqlarının bərpası üçün kifayətdir.

Tərəflər arasında faktlarla bağlı mübahisə varmı? Varsa, hansı dərəcədə mübahisə var və tərəflərin təqdimatlarına hansı prima facie sübut dəyəri verilməlidir. Məhkəmə özü faktları müəyyənləşdirmək üçün sübutlar toplayıbmı? Bu sualla bağlı işdə hər hansı problem görünmür.

Hökumət iddia olunan Konvensiya pozuntularını qəbul edirmi? Edirsə, hansı dərəcədə edir? Onları necə aradan qaldırmaq niyyətindədir? Təqdim etdiyi BB-də Azərbaycan Hökuməti pozuntu faktını tanıyır və kompensasiya təklif edir. Məbləğ 3000 Avrodur və maddi və mənəvi ziyana, eləcə də xərclərə görə ümumi məbləğdir. Bu qəbildən olan işlərlə müqayisə edə bilmək üçün, ərizəçilərin nə qədər müddət məhkəməyə qədər həbsdə saxlandıqlarını bilmək lazımdır, lakin qərarda bu detallar olmadığına görə, nəsə demək çətindir. Amma məhkəmə təcrübəsindən də yuxarıda göstərilən misaldan da gördük ki, məbləğin ciddi azlığı, BB-nin qəbuluna ciddi maneə olardı.

Bununla bağlı sadəcə olaraq bəzi şeyləri güman etmək olar.

Əvvəlcə, Məhkəmə tərəfindən maddə 5.3.-ün pozuntusunun tanındığı işlərdə tətbiq olunan kompensasiya məbləğlərinə nəzər yetirək. Məbləğlər kifayət qədər böyük görünsə də, bir şeyi nəzərdən qaçırmamaq lazımdır ki, bu işlərin çoxunda başqa bir pozuntu da var. Məsələn, elə qərarda istinad edilən İsayeva işində maddə 5.1 pozuntusu da var və Məhkəmə ziyana görə 13.000, xərclərə görə 2.500 təyin edib. Rafiq Əliyevdə, həbsin uzunluluğu və mülkiyyət hüququnun pozuntusuna görə 7.000, xərclərə görə 25.000 avro təyin edib amma burda xərclərlə bağlı məbləğin böyüklüyü ingilis vəkilin iştirakı lə bağlıdır və norma təşkil etmir. Novruz İsmayılov işində kompensasiya ziyana görə 4,000 və xərclərə görə 2.500 olub.

Güman etmək olar ki, Azərbaycan Hökuməti BB göndərməzdən əvvəl, Məhkəmə DH təklifi yollayıb. Bilirik ki, təkrarlanan, barəsində oturuşmuş Məhkəmə təcrübəsinin olduğu işlərdə Məhkəmə proaktiv davranaraq, kommunikasiya başlayanda elə DH də təklif edir. DH təklifinin mətni və bu proses tamamilə məxfi olduğu üçün, biz Məhkəmənin bu işdə nə qədər kompensasiya təklif etdiyini bilmirik. Lakin, əgər Hökumətin BB-dəki 3000 Avro təklifi qənaətbəxş hesab edilibsə, DH təklifində nəzərdə tutulan məbləğ də elə o civarda (bu məbləğdən bir az yuxarı) olmalıdır.

Sonda ərizəçilərin və onların hüquqşünaslarının heç sevmədiyi bu təcrübənin üstün və zəif cəhətləri nəzər salaq.

Üstün cəhətləri

Pozuntu Cavab Hökumət tərəfindən qəbul edirlir. Məhkəmə təcrübəsinə görə BB-nin qəbul olunmasının şərtlərindən biri Hökumətin pozuntu faktını tanımasıdır. Yəni, ərizəçi üçün məsələnin mənəvi, psixoloji tərəfi həll olunur. Bu cəhət, yəni pozuntunun tanınması dostca həll qərarlarında heç də həmişə olmur.
İşin daha sürətli həlli: İş kommunikasiya olunduqdan həmən sonra DH baş tutmasa belə, BB ilə bir neçə həftədə həll oluna bilər
Qərarın icrası, yəni pozuntunun aradan qaldırılımasına nəzarət Məhkəmənin özündədir və Məhkəmə işi siyahıya bərpa etmək hüququnu saxlayır.

Zəif cəhətləri

Kompensasiya (xərclər də daxil olmaqla) adətən Məhkəmənin təyin etdiyi məbləğdən aşağı olur. Yuxarıda adı çəkilən xorvat işindən bilirik ki, 35% az ola bilməz. Nəzərdən keçirdiyimiz onlarla işdən belə güman etmək ola ki, 15%-20% az məbləği Məhkəmə qəbul edir. Belə güman etmək olar ki, Hökumətlərin Məhkəmənin dostca həll təklifində nəzərdə tutulan məbləği bir az da azaltmaq imkanı olur və onlar bundan istifadə edə bilərlər.

©legallibrary.org