Hökumət Xədicə İsmayıla təzminat ödəyəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi bu gün, fevralın 27-də Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını açıqlayıb. Məhkəmə 5, 6, 8 və 18-ci maddələrin pozuntusunu tanıyıb, hökumətin üzərində 26 min avrodan çox təzminat ödəmək vəzifəsi qoyub.

Xədicə İsmayılın şikayəti

Araşdırmaçı jurnalist Xədicə İsmayılın şikayəti onun həbs edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən susi-istifadədə ittiham olunması, 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlı idi.

Avropa İnsan Haqları Məhkəməsi hesab etdi ki, bu işdə dövlət araşdırmaçı jurnalistin 5-ci, 6-cı və 18-ci (5-ci maddə ilə birgə götürülməklə) maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edib. Jurnalistə bu pozuntulara görə, ümumilikdə 25 min avro təzminat ödənilməlidir.

Bu qərar AİHM-in X.İsmayılova barəsində elan etdiyi 3-cü qərardır. Jurnalist məhkəməyə 5 il əvvəl, 2015-ci ildə şikayət etmişdi.

X.İsmayılın vəkilləri AİHM qarşısında iddia edirdilər ki, jurnalist əsaslı şübhə olmadan həbsdə tutulub, həbsdə tutulmasının qanuniliyinə etiraz etmək üçün gərəkli zaman, imkanlara sahib olmayıb, məhkəmələr qərəzli və tərəfli davranıb, təqsirsizlik prezumpsiyası hüququ pozulub.

Avropa Məhkməsindən X.İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı (eləcə də, 5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu) hüquqlarının pozuntusunun tanınması istənilmişdi.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)

Qərarı elan edilən digər iş boşanma ilə bağlıydı.

Rasim Abuşov Azərbaycana qarşı işdə AİHM hökuməti 1722 avro cərimələyib, şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusunu tanıyıb.

Bu işdə ərizəçi boşanmış, azyaşlı uşaqları anaya verilmişdi. Atanın və qohumlarının övladları ilə görüşməsinə şərait yaradılması üçün məhkəməyə müraciət olunmuş, ancaq ərizəçi yerli məhkəmələrin qərarlarından narazı qalmışdı. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, şikayətlərinə baxılarkən onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüquqları pozulub.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)