Hökumət Vəkillər Kollegiyasından xaric edilmiş mərhum vəkilin ailəsinə təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 3 yeni qərardadını elan edib.

Əlayif HƏSƏNOV Azərbaycana qarşı

Məhkəmə işi vəkil olan ərizəçinin defamasiyaya görə məsuliyyətə cəlb edilməsi ilə bağlı idi. Ərizəçi həbsdə olan müvəkkilinin kamera yoldaşı tərəfindən təhdid edilməsi ilə bağlı məlumat yaymışdı. Müvəkkilinin kamera yoldaşı ərizəçini böhtan atmaqda ittiham etmiş, məhkəmə bu ittiham üzrə ərizəçini təqsirli sayıb, onun 240 saatlıq ictimai işlərə cəlb edilməsinə hökm vermişdi. Bu hökmdən sonra ərizəçi Vəkillər Kollegiyasından xaric edilmişdi. Ərizəçi məhkəməyə 2 ərizə təqdim etmiş, AİHM qarşısında Konvensiyanın 6, 8, 10 və 18-ci maddələrinin pozuntusunu mübahisələndirmişdi. Ərizənin kommunikasiyası zamanı ərizəçi vəfat edib, onun şikayətlərini oğlu davam etdirib.

Ərizələrin komminikasiyası zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət əriəzçinin 1-ci ərizəsinə münasibətdə Konvensiyanın 6 və 10-cu, ikinci ərizəsinə münasibətdə Konvensiyanın 8 və 10-cu maddələrinin pozulmasını etiraf edərək ərizəçiyə təzminat ödəməyi təklif edib. Ərizəçinin övladı təzminat məbləğinin ədalətli olmadığını məhkəməyə bildirsə də AİHM ərizəyə baxılmasının davam etdirilməsi üçün əsasların olmaması qənaətinə gəlib. Məhkəmənin qərardadına əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 9000, hüquqi məsrəflərə görə 1000 avro ödəməlidir.

Ərizəçini AİHM-də hüquqşunas Xalid Bağırov təmsil edib.

Namiq RÜSTƏMOV Azərbaycana qarşı

Bu məhkəmə işi məhkəmə prosesinin ədalətsizliyi iddiası ilə bağlı idi. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən kassasiya icraatı dinləmələr barədə lazımi qaydada məlumatlandırılmamasından şikayət etmişdi.

Kommunikasiya zamanı hökumət ərizəçinin iddia etdiyi pozuntuları etiraf edib. Məhkəməyə ərizəçiyə təzminat ödənilməsini nəzərdə tutan təktərəfli bəyannamə təqdim edib. AİHM-in həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

Ərizəçini AİHM-də vəkil Aqil Layic təmsil edib.

Kifayət İSMAYILOVA Azərbaycana qarşı

İşin hallarına görə, ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı F.A.-nın yaxın qohumu idi, F.A.-ya cinayət işi açılmış, həmin cinayət işinin nəticəsində ərizəçinin Bakı şəhərindəki qeyri-yaşayış sahəsi müsadirə edilmişdi. Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilənin baş verdiyini iddia edirdi.

İşə baxılması zamanı ərizəçi AİHM-i ona məxsus mülkiyyətin müsadirə edilməsini nəzərdə tutan qərarın ləğv edildiyini bildirib və şikayətlərini geri götürüb. Məhkəmə ərizəni baxılacaq işlərin sırasından xaric edib.

Ərizəçini AİHM-də vəkil Ü.Məhərrəmli təmsil edib.