Hökumət seçki hüququnun pozuntusundan şikayət edən 2 ərizəçiyə təzminat ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprel ayının 25-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 2 qərardadını elan edib. Hər 2 ərizəçi AİHM qarşısında seçki hüququnun pozuntusunu mübahisələndirmişdi.

Qorxmaz İbrahimli Azərbaycana qarşı;
Rəfail Zeynalzadə Azərbaycana qarşı;

Hər iki ərizəçi 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslər olublar. Onlar yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasından, bunun onların seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarını pozmasından şikayət etmişdilər.

Hər iki ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar.

Məhkəmənin qərardadına görə, hökumət İbrahimli Azərbaycana qarşı işində ərizəçiyə 4500 avro məbləğində maddi və mənəvi zərər əvəzi ödəyəcək.

Zeynalzadə Azərbaycana qarşı işində isə ərizəçiyə 4750 avro məbləğində maddi və mənəvi, xərc və məsrəf əvəzi ödənilməlidir.