Hökumət narkotik ittihamı ilə məhkum edilmiş müxalif fəala təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabr ayının 19-da Azərbaycandan 2012-ci ildə göndərilən 2 ərizə üzrə yekun qərarını elan edib.

Cabbar SAVALANLI Azərbaycana qarşı

Bu məhkəmə işi siyasi fəal olan ərizəçinin narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıydı. Ona qarşı ittihamların uydurma olduğunu, narkotiki onun üzərinə polis əməkdaşlarının qoyduğunu iddia edən ərizəçi, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisələndirmişdi.

Məhkəmə bu işdə ərizəçinin iddialarını əsaslı hesab edib. Məhkəmə müəyyən edib ki, polis ərizəçini saxladıqdan bir gün sonra sənədləşmə aparıb, ərizəçi üzərində axtarış saxlanıldıqdan dərhal sonra yox, təxminən yarım saat sonra aparılıb, lazımi vaxtda vəkillə də təmin edilməyib. Ərizəçi bütün bu sualları məhkəmə önündə qaldırsa da yerli məhkəmələr bu suallara aydınlıq gətirməyib. AİHM Konvensiyanın 6.1-ci maddəsinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə 4500 avro mənəvi zərər və xərc, məsrəf əvəzi ödəməlidir.

Media Hüququ İnstitutu Azərbaycana qarşı

Bu işdə ərizəçi 2006-cı ildə qeydiyyatdan keçən, hadisələrin baş verdiyi vaxt Bakı şəhərində mənzillənən və informasiya və ifadə azadlığı hüququ ilə əlaqəli müxtəlif layihələr həyata keçirən qeyri-hökumət təşkilatıdır.

İşin hallarına görə, ölkə prezidenti qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək 2009-cu il iyunun 24-də “Elektrik enerjisi haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsini Milli Məclisə təqdim edib. Həmin qanun layihəsində həm fiziki, həm də hüquqi şəxsləri evlərdə və idarələrdə elektrik, qaz və su sayğaclarının quraşdırılması ilə bağlı xərclərdən azad edən qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulurdu. İlk addımda Milli Məclisin Təbii Ehtiyatlar, Enerji Sənayesi və Ekologiya Daimi Komitəsində müzakirəyə çıxarılan qanun layihəsi 2009-cu il sentyabrın 30-da Milli Məclisin plenar müzakirəsinə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. Daha sonra qanun layihəsi imzalanması üçün prezidentə göndərilib, təsdiq, sonra dərc olunaraq qüvvəyə minib.

Ərizəçi təşkilatın təqdimatına görə, dərc edildikdən sonra məlum olub ki, Milli Məclisdə qəbul edilmiş qanun layihəsinin mətni ilə imza üçün prezidentə göndərilən mətn eyni deyil. Xüsusilə, imzalanması üçün prezidentə göndərilən mətndə hüquqi şəxslər üçün güzəşt nəzərdə tutulmayıb. Məsələ mətbuatda geniş müzakirə olunub. Ərizəçi təşkilatın təqdimatına görə, Milli Məclisin sədri parlament üzvlərindən birinə etiraf edib ki, qanun layihəsi qəbul edildikdən sonra onun mətni Komitə tərəfindən dəyişdirilib. Daha sonra düzəliş edilmiş həmin mətn imzalanması üçün prezidentə göndərilib. Ərizəçiyə görə, Komitənin sədri də bu faktı dolayısı ilə etiraf edib.

22 aprel 2010-cu il tarixdə ərizəçi birlik Milli Məclisə informasiya sorğusu göndərərək, həm qanun layihəsinin Milli Məclisin 30 sentyabr 2009-cu il tarixli plenar iclasında qəbul edilmiş rəsmi mətninin, həm də imza üçün Prezidentə göndərilmiş mətnin təqdim edilməsini xahiş edib. Ərizəçi həmçinin, plenar iclasdan sonra Komitənin iclasının olub-olmaması ilə bağlı ətraflı bilgi verilməsini, əgər iclas olubsa, həmin iclasın protokolları ilə tanış olmağa şərait yaradılmasını xahiş edib.

Milli Məclis informasiya sorğusuna cavab verməyib. Ərizəçi Səbail Rayon Məhkəməsində iddia qaldıraraq xahiş edib ki, Milli Məclisin informasiya sorğusunu icra etməsini təmin edən qərar versin. İşə baxılması zamanı Milli Məclis ərizəçinin istədiyi mətnləri və plenar iclasdan əvvəl keçirilmiş iclasın protokolunu təqdim edib. Məhkəmə öz növbəsində tələb olunan informasiyaların təqdim olunduğu əsası ilə ərizəçi birliyin iddiasını rədd edib. Plenar iclasdan sonra Komitənin iddia edilən iclası ilə bağlı tələb edilən məlumatlara gəlincə, məhkəmə qeyd edib ki, ərizəçi birlik belə bir iclasın olması barədə heç bir sübut təqdim etməyib. Ərizəçi bilrik həmin qərardan şikayət etsə də apelyasiya və kassasiya instansiyaları həmin şikayəti təmin etməyib.

Ərizəçi birlik AİHM qarşısında iddia edirdi ki, ona münasibətdə informasiya azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu baş verib.

AİHM bu ərizəni qəbuledilməz sayıb.