Hökumət həbsdəki partiya sədrinə görə cərimələndi

Press-reliz:

Bu gün, dekabrın 12-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha bir qərarını edib. AİHM qərar verib ki, Islam Partiyasının həbsdəki keçmiş sədri Mövsüm Səmədovun 2011-ci ildə həbs edilməsi Avropa Konvensiyasının pozuntuları ilə müşayət olunub.

Hazırda həbsdə olan M.Səmədov AİHM-ə 2011-ci ildə şikayət etmişdi (vəkil Yalçın İmanov, Anar Qasımlı), şikayətin kommunikasiyası 5 il əvvəl – 2014-ci ildə başlamışdı.

Bu iş M.Səmədovun 2011-ci ildə İslam Partiyasının toplantısındakı çıxışı ilə bağlıdır. Həmin çıxışın məzmunu məktəblərdə geyimlərə yasaq qoyulması ilə bağlı idi, hökumət, ölkə rəhbərliyi sərt dillə tənqid edilir, insanlar etiraza çağırılırdı. Həmin çıxış internet üzərindən yayılmışdı. Ardınca, M.Səmədov Nərimanov rayon polisi tərəfindən saxlanılmış, inzibati pozuntuda (polisə müqavimət) günahlandırılıb, həbs olunmuşdu.

İnzibati həbs cəzası başa çatan gün M.Səmədova cinayət işi açılmışdı. O, terrorçuluqda, qanunsuz silah saxlamada və hakimiyyəti zorla dəyişdirməyə çağırışda ittiham edilmiş, barəsində məhkəməyə qədər həbs qərarı verilmişdi (9 aya qədər davam etmişdi). Həmin vaxt onun ev dustaqlığına buraxılması haqda vəsatəti də məhkəmə tərəfindən rədd edilmişdi.

M.Səmədov AİHM qarşısında iddia edirdi ki, yuxarıda sadalanan proseslər boyunca onun Azadlıq və toxunulmazılıq (Maddə 5.3) və Ədalətli məhkəmə araşdırması (Maddə 6.1, 6.3) hüquqları pozulub.

AİHM nə qərar verdi?

AİHM iddia edilən bütün pozuntuları tanıyıb. Qərar verib ki, milli məhkəmələr M.Səmədovla bağlı qərarlar verərkən onun azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına (5.3, 6.1, 6.3) müdaxilə ediblər. Qərara görə, dövlət həbsdəki M.Səmədova ümumilkdə 4 min avro təzminat ödəməlidir.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)