Avropa İnsan Haqları Məhkəməsi (AİHM)bu gün, aprelin 7-də Eynulla Fətullayev Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.
İşin halları – nə baş vermişdi?
Hökuməti və müxtəlif məmurları sərt tənqidləri ilə seçilən “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru olan ərizəçi E.Fətullayev 2007-ci ildə, bu işdə şikayət edilən olaylardan əvvəl, böhtan, terrorizm hədəsi, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Fətullayev cəza çəkərkən üzərində axtarış aparılıb, heroin tapılmışdı. 2009-cu ilin dekabrında ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda saxlanılması) maddəsi ilə cinayət işi açılmışdı. İstintaq zamanı təyin edilən ekspertiza zamanı ərizəçinin qan və sidik nümunələrində narkotika izləri, heroinin ev şəraitində hazırlanmış olması müəyyən edilmişdi.
Məhkəmə qarşısına çıxarılan ərizəçini Qaradağ Rayon Məhkəməsi təqsirli sayıb və iki il altı ay müddətinə azadlıqdan məhrum etmişdi.
İttihamların uydurma olduğunu, narkotik maddənin rəsmilər tərəfindən yerləşdirildiyini, bütün baş verənlərin onu tənqidçi jurnalistika fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıdığını iddia edən ərizəçinin yuxarı məhkəmələrə şikayətləri isə rədd edilmişdi.
Ərizəçi AİHM-ə şikayətində Konvensiyanın 6-cı maddəsinə söykənərək, ona qarşı cinayət işinə baxışın ədalətsizliyindən – sübutların əldə edilməsindəki prosessual pozuntulardan, bərabərlik prinsipinin ayaqlanmasından şikayət etmişdi.
Ərizəçi həmçinin, Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia edirdi ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub, onu hökumətlə əməkdaşlığa məcbur etmək niyyəti güdüb. Ərizəçi eləcə də vəkillərindən İntiqam Əliyevin ofisində axtarış aparılması, işə aid sənədlərin götürülməsi ilə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan fərdi şikayət hüququnun pozulduğunu iddia edirdi.
AİHM-in qərarı
Avropa Məhkəməsi qərarında cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini vurğulayıb.
Məhkəmə hesab edib ki, ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsi pozulub – milli məhkəmələr ədalətsiz olub.
Məhkəmə hesab etdi ki, ərizəçiyə əsas müdafiə xəttini – narkotik vasitənin ərizəçinin üzərinə rəsmilər tərəfindən yerləşdirilməsi, cinayət işinin ümumilikdə qurama olması haqda dəlilləri səmərəli təqdim edə bilmək imkanı verilməyib. Ərizəçinin bu dəlilləri kifayət qədər ardıcıl və ciddi idi, ancaq buna baxmayaraq, milli məhkəmələr onları yoxlayıb, tədqiq etməyiblər. Milli məhkəmələr sadəcə, cəzaçəkmə müəssisəsinin iddialarına söykənərək, ərizəçinin prosessual tələblərini nəzərə almayıblar, ona həlledici sübutlara etiraz etmək, onun xeyrinə olan dəlilləri təqdim etmək imkanı verməyiblər. Xüsusilə, ərizəçinin hökuməti tənqid edən məqalələrinə görə təqiblərə məruz qalmasnın ardıcıllığı, ərizəçinin həbsdəykən jurnalist fəaliyyətini davam etdirməsi və buna görə, məmurlar tərəfindən hədəfə alınması kimi xüsusatlar ümumiyyətlə milli məhkəmələr tərəfindən diqqətə alınmayıb.
AİHM 6-cı və 10-cu maddə ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinin pozuntusu iddiasının qəbuledilinləyini və mahiyyətini araşdırmağa ehtiyac görməyib. Kommunikasiya zamanı hökumət bu iddiaların milli məhkəmələr qarşısında qaldırılmadığını, bu səbəbdən yolverilməz olduğunu vurğulamışdı. Qərarda qeyd edilir ki, AİHM tərəflərin təqdimatlarına və 6-cı maddənin pozuntusu iddiaları üzrə gəldiyi nəticəyə söykənərək, Konvensiyanın 18-ci maddəsinin pozuntusu iddiası üzrə belə nəticəyə gəlib.
Qərara əsasən, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir.
Bu işdə ərizəçini AİHM qarşısında hüquqşunas İntiqam Əliyev və vəkil Elçin Sadıqov təmsil edib.