Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martin 24-də Azərbaycanla bağlı daha bir qərarını elan edib. Məhkəmə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
Zayidov (Qənimət Zahid) Azərbaycana qarşı
Bu məhkəmə işi “Azadlıq” qəzetinin redaktorunun xuliqanlıqda ittiham olunaraq azadlıqdan məhrum edilərkən, həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsi iddiası ilə bağlı idi. İş həmçinin, ərizəçinin ona dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı qaldırdığı məhkəmə çəkişmələrini də əhatə edirdi.
Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan Ərizəçi şikayət edirdi ki, onun kitab halında çap etdirmək niyyətində olduğu əlyazmasının götürülməsi və məhv edilməsi qanuni olmayıb. Ərizəçi həmçinin, 6-cı maddənin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanaraq, dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ədalətsiz olduğunu, xüsusən də məhkəmə iclaslarında şəxsən iştirakının təmin edilmədiyini, şahidlərin dəvət edilib, dindirilməsi barədə vəsatətlərinin təmin olunmadığını, məhkəmə qərarlarının adekvat olmadığını iddia edirdi.
Ərizəçi eləcə də ona münasibətdə Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə sahib olmaq hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinin (mülkiyyət hüququ) pozulduğunu iddia etmişdi.
AİHM öncə ərizəçinin ifadə azadlığına müdaxilənin baş verib-vermədiyini araşdırdı, qeyd etdi ki, ərizəçinin 278 səhifəlik əlyazmasının götürülüməsi, daha sonra məhv edilməsi ilə ərizəçinin 10-cu maddə ilə qorunan ifadə azadlığı hüququna müdaxiləni təşkil edib. Müdaxilənin əsaslı olub-olmamasına gəlincə, AİHM qeyd etdi ki, əlyazmaların yeganə nüsxəsinin həbsxanalarla bağlı daxili intizam qaydaları ilə izah edilərək götürülməsi və məhv edilməsi “qanunla nəzərdə tutulmuş” testinə cavab vermir. Məhkəmə ifadə azadlığı hüququnun pozulduğu qənaətinə gəldi.
AİHM həmçinin, ərizəçinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ümumilikdə ədalətsiz olduğuna, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini pozduğuna qərar verdi.
AİHM eyni zamanda Konvensiyanın 13-cü, 14-cü maddələri və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu iddialarını araşdırmağa ehtiyac görmədiyini ifadə etdi.
Qərara əsasən, hökumət ərizəçiyə ümumilikdə 8500 avro təzminat ödəməlidir.