Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 14-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edib. Məhkəmə bu işlərdə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.
Qərara bağlanan şikayətlərdən biri tanınmış jurnalist Sevinc Vaqifqizi Abbasovanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı idi. Bu ərizə kommunikasiya edilərkən, hökumət iddia olunan pozuntuları (2 saylı protokolun 4-cü maddəsi (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsi) etiraf edib. Oxşar örnəklərə əsaslanıb ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu ifadə edən hökumət Məhkəmədən işin siyahıdan çıxarılmasını xahiş edib. AİHM hökumətin təklifini əsaslı sayıb və ərizənin baıxlacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Hökumət bu işdə jurnalistə 5 min avro təzminat ödəyəcək.
Bu işdə jurnalist Baş Prokurorluqda açılmış və araşdırması davam edən bir cinayət işi çərçivəsində şahid qismində dindirilmişdi. Həmin vaxt onun ölkədən çıxışına qadağa qoyulduğu bəlli olmuşdu. Jurnalistin vəkilləri onun ölkədən çıxışına qadağa qoyulmasının qanunsuzluğunu mübahisələndirmiş, yerli məhkəmələr onun iddialarını rədd etdiyindən, AİHM-ə şikayət edilmişdi. AİHM-ə şikayətdə jurnalistin hərəkət azadlığı, şəxsi həyata hörmət, ifadə azadlığı hüquqlarına müdaxilə olunduğu iddia olunurdu. AİHM bu iş üzrə Hökumətlə 2019-cu ildə kommunikasiyaya başlamışdı. AİHM həmin vaxt hökumətdən jurnalistin hərəkət azadlığı hüququna müdaxilə edilib-edilməməsi barədə təqdimat istəmişdi.
Georgi Nikolaevin işində də (bu iş də ölkədən çıxışa qadağa qoyulması ilə bağlıdır, qərar S.Vaqifqızı işi ilə birlikdə elan edilib) AİHM eyni nəticəyə gəlib – ərizəçiyə 5 min avro təzminat ödəniləcək.
Qərarın Azərbaycan dilində mətni
Digər qərar Azərbaycan vətəndaşı Xeyrulla Ağayevin ərizəsi üzrədir. X.Ağayev təxminən 10 il əvvəl küçə yürüşündə saxlanılıb. Ardınca ona icazəsiz yürüşə qatılmağa və polisin qanuni tələblərinə əməl etməməyə görə 7 sutka inzibati həbs cəzası verilib. Bu işdə ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun (Maddə 6.1) pozunlduğunu iddia edib.
AİHM bu işdə 6-cı maddənin pozuntusunu tanıdı. Hökumət ərizəçiyə 4100 avro təzminat ödəməlidir.
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)