Avropa İnsan Haqları Məhkəməsi (AİHM) may ayının 16-da Azərbaycanla bağlı 3 yeni qərar və qərardadını elan edib.
AZADLIQ QƏZETİ və Qənimət ZAYİDOV Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçilərə – müstəqil tənqidçi qəzetə və onun redaktoruna qarşı “Müdafiə Nazirliyində ucuz ətin sirri” sərlövhəli məqalə ilə əlaqədar qaldırılmış mülki məhkəmə çəkişməsi ilə bağlı idi.
Sözügedən mübahisəli məqalədə digər məsələlərlə yanaşı, adı çəkilən nazirliyin Ukraynadan əsgərlər üçün bazar qiymətindən xeyli ucuz qiymətə ət idxal etdiyi iddia edilirdi. Ətin Çernobıldan gətirildiyi, keyfiyyətsiz olduğu vurğulanırdı. Müdafiə Nazirliyi məqalədə yer alan məlumatların yalan olduğunu, nazirliyin və onun əməkdaşlarının peşə nüfuzuna xələl gətirdiyini əsas gətirərək qəzeti və onun redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin faktiki ifadələrinin doğruluğunu sübut edə bilmədiklərini müəyyən edərək, iddiaçının xeyrinə qərar çıxarmış və qəzeti mənəvi ziyana görə nazirliyə 10.000 manat təzminat ödəməyə, üzr istəməyə və təkzib verməyə məhkum etmişdi. Yuxarı məhkəmələr həmin qərarı dəyişməmişdi.
AİHM qərarında qeyd edir ki, milli məhkəmələr ərizəçilər barəsində qərar verərkən, öz qərarlarını əsaslandırmayıblar – qəzetə qarşı tətbiq edilmiş sanksiyanın mütənasibliyini izah etməyiblər. “Məhkəmə, ərizəçi qəzetə qarşı tətbiq edilən və hədəflənən qanuni məqsədlə ağlabatan həddə mütənasib görünməyən sanksiyanın ağırlığını haqlı göstərəcək hər hansı əsasın mövcud olmadığı qənaətindədir. Daxili məhkəmələr ərizəçi qəzetin ifadə azadlığı hüququna müdaxiləyə haqq qazandırmaq üçün “yetərli” əsaslar təqdim edə bilməyiblər. Buradan isə müdaxilənin “demokratik cəmiyyətdə zərurilik” testinə cavab vermədiyi qənaəti ortaya çıxır. Beləliklə, ərizəçiyə münasibətdə ifadə azadlığı hüququnun pozuntusu baş verib”, məhkəmənin qərarında vurğulanıb.
Ərizəçilərin maddi ziyana görə 7,616 avro təzminat tələbinə gəlincə, AİHM bu tələbi təmin etməyib. “Məhkəmə maddi ziyanla bağlı iddianı rədd edir, çünki ərizəçi, təyin edilmiş məbləği faktiki olaraq ödədiyini və müvafiq olaraq hər hansı maddi itkiyə məruz qaldığını sübut edən heç bir sübut təqdim etməyib”, qərarda vurğulanır.
Qərara əsasən, hökumət, 1000 avro məbləğində hüquqi xərclər əvəzi ödəyəcək.
Ərizəçiləri AİHM qarşısında hüquqşunaslar Rəşid Hacılı, Xalid Ağaliyev və vəkil Elçin Sadıqov təmsil edib.
Əli HÜSEYNOV Azərbaycana qarşı
Bu iş ərizəçiyə qarşı pis rəftara yol verilməsi, pis rəftarla bağlı şikayətlərin effektiv araşdırılmaması iddiaları ilə bağlı idi. Ərizəçi 2015-ci ildə baş vermiş “Nardaran hadisələri” ilə bağlı həbs edilib, ardınca ağır cinayətlərə görə mühakimə olunub. O, iddia edirdi ki, həbs edilərkən, transfer edilərkən pis rəftara məruz qalıb. Yerli orqanlar isə ərizəçinin müvafiq şikayətləri üzrə səmərəli araşdırma aparmayıblar. Ərizəçi xüsusilə iddia edirdi ki, pis rəftarın məqsədi özünə qarşı ittihamlar və ya Nardaran hadisələri ilə bağlı həbs edilmiş digər şəxslər haqda etirafedici ifadələr almaq olub. Ərizəçi bildirmişdi ki, pis rəftar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş verib – qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılıb, öz seçdiyi vəkillə əlaqə saxlamaq imkanı verilməyib, ailəsi ilə əlaqə qura bilməyib.
Bu işdə tərəflər dostca anlaşıblar.
Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 6500, hüquqi xərclər əvəzi 1500 avro ödəməlidir.
Ərizəçini məhkəmə qarşısında vəkil Zibeydə Sadıqova təmsil edib.
Orxan ƏYYUBZADƏ Azərbaycana qarşı
Bu iş ərizəçiyə qarşı cinayət təqibinin ədalətsizliyi iddiaları ilə bağlı idi. Hadisələrin baş verdiyi vaxt ərizəçi “Nida” vətəndaş hərəkatının üzvü olmuşdu. 2013-2014-cü illərdə ərizəçiyə qarşı digərləri ilə yanaşı narkotika, vəzifəli şəxslərə qarşı müqavimət ittihamları üzrə cinayət işi başlanmış, o, şübhəli şəxs qismində saxlanılmışdı.
Ona qarşı cinayət təqibinin onu cəzalandırmaq və vətəndaş fəallığının qarşısının alınması məqsədi daşıdığını iddia edən Ərizəçi, məhkəmə qarşısında Konvemsiyanın 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunu mübahisələndirmişdi.
Bu işdə də tərəflər dostca anlaşıblar.
Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4700, hüquqi xərclər əvəzi 1000 avro ödəməlidir.
Ərizəçini məhkəmə qarşısında vəkil Əsabəli Mustafayev təmsil edib.