Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, noyabr ayının 30-da Azərbaycandan göndərilmiş 21 ərizə ilə bağlı 10 yekun qərardadını elan edib. Ərizəçilərin əksəriyyəti müxalif fəallardır, onlar toplaşma azadlığı hüququnun pozulmasından şikayət etmişdilər. Qərardadlar tərəflərin dostca anlaşmalarına, hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycana qarşı
Bu məhkəmə işi müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qeydə alınmış təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina olunması ilə bağlı idi. İşin hallarına görə, 2015-ci ilin fevralında partiyanın sədri cənab Kərimli partiyanın sədr müavini Nurullayevi tutduğu vəzifədən azad etmiş, elə həmin ay cənab Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan etmişdi. 2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Kərimlini yenidən sədr seçmiş və onun əsas rəhbər orqanlarının üzvlərini təsdiqləmişdi. Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, nazirlik qeydiyyat sənədlərini geri qaytarıb, qeyd etmişdi ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında partiyanın başqa bir qurultayı keçirilib, (“etimad qurultayı” adlandırılan) cənab Nurullayev partiya sədri seçilib, rəhbər orqanlar formalaşdırılıb.
Ərizəçi tərəf Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıraraq, tələb etmişdi ki, məhkəmələr, nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmələr həmin şikayəti təmin etməmişdilər. Ərizəçi, AİHM qarşısında ona münasibətdə 13-cü və 18-ci maddələrlə birlikdə götürülməklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusunu mübahisələndirmişdi.
Ərizəçini AİHM-də hüquqşunas S.Rəhimli təmsil edib. AİHM ərizəni baxılacaq işlərin siyahısından çıxarıb.
Müvafiq qərardadda vurğulanır ki, məhkəmə ərizəçinin Konvensiyanın 11, 13 və 18-ci maddələrinə əsaslanan şikayətlərini hökumətlə kommunikasiya edib, ərizəçidən təqdimatını göndərməsini istəyib. Ərizəçi təqdimat üçün verilmiş müddətin artırılmasını xahiş edinb, məhkəmə müddəti artırıb. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfdən təqdimat daxil olmadığı üçün bunu ərizəçinin ərizəni davam etdirmək niyyətində olmaması kimi qəbul edir və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verir.
Şəmistan HƏZİYEV Azərbaycana qarşı
Bu məhkəmə işi toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı idi. İctimai toplantının iştirakçısı olan ərizəçi qanunsuz, qeyri mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldığını iddia edirdi.
AİHM-in qərardadı hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Hökumət həmin bəyannamədə iddia olunan pozuntuları etiraf edib. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödəyəcək. Ərizəçini vəkil Şəhla Hümbətova təmsil edib.
Əli İNSANOV Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir. Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. Hadisələrin baş verdiyi vaxt o, bir neçə cinayətə görə məhkum edilmiş, həbsxanada cəza çəkirdi (bu işlə bağlı cinayət prosesi Məhkəmənin İnsanov Azərbaycana qarşı (no. 16133/08, 14 mart 2013-cü il) qərarının predmeti olub). Ərizəçinin cəza müddəti 20 oktyabr 2016-cı il tarixdə başa çatacaqdı. 24 avqust 2016-cı il tarixdə ərizəçi qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanmasında və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Qaradağ Rayon Məhkəməsi 24 avqust 2016-cı il tarixli qərarı ilə ərizəçinin 20 oktyabr 2016-cı il tarixinədək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsinə qərar verib. 11 oktyabr 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışına qədər, 11 yanvar 2017-ci il tarixinədək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb. Apellyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib. Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edirdi ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ittihamlar uydurma olub, barəsindəki həbs-qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər mövcud olmayıb.
İki ərizənin araşdırıldığı bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 6600, hüquqi xərclər üçün 1500 avro ödəniləcək. Ərizəçini A.Şahverdi təmsil edib.
Abgül SÜLEYMANOV Azərbaycana qarşı
Ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 20 noyabr 2014-cü ildə Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.
Məhkəmə işi müsəlman dini lideri olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Ərizəçi həmçinin, dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulduğunu iddia edirdi.
Bu iş üzrə qərardad da tərəflərin dostca anlaşmalarına əsaslanır. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 7000, onun vəkilinə 2000 avro təzminat ödəyəcək. Ərizəçini vəkil C.Cavadov təmsil edib.
Mehmet ÇELİK və Faiq Semih BAŞOĞLU Azərbaycana qarşı
Bu məhkəmə işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlı idi. Ərizəçilər iddia edirlər ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar.
AİHM bu ərizələri qəbul edilməz elan edib. “Ərizəçilərin ölkədən deportasiya edilmələri və ya təhvil verilmələri ilə qarşı-qarşıya qaldığı işlərdə, onlar, tətbiq edilməsi mümkün olmayan bir tədbirin “qurban”ı olmalarını iddia edə bilməzlər. Bu iş ərizəçilərin cavabdeh dövlət tərəfindən təhvil verilməsi risqi xüsusatı üzərində inşa edilib. Ancaq ərizəçilərin Gürcüstanda və Kanadada yaşamaqda olması səbəbindən, bu, artıq qanuni səbəb ola bilməz”, məhkəmə qərardadında qeyd edib. Ərizəçiləri hüquqşunas A.Nəsirli təmsil edib.
Nizami Abbasov və başqa 4 ərizəçi Azərbaycana qarşı
Bu məhkəmə işində toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu mübahisə edilmişdi. İctimai toplantıların təşkilatçıları və iştirakçıları olan ərizəçilər qanunsuz, qeyri mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldıqlarını iddia edirdilər.
Tərəflər dostca anlaşıblar, həmin anlaşmaya əsaslanan qərardada görə, ərizəçilərdən N.Abbasov, Elməddin Əhmədov və Asim Ağayevin hər birinə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro (təmsilçi Tural Hacıbəyli), ərizəçilərdən Şaiq Ələkbərov, Əliqulu Qəhrəmanlının hər birinə mənəvi zərər əvəzi 2400, hüquqi xərc əvəzi 450 avro (təmsilçi Əsabəli Mustafayev) ödəniləcək.
Həsən Həsənli və başqa 6 ərizəçi Azərbaycana qarşı
Bu məhkəmə işi də toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı idi. İctimai toplantıların təşkilatçıları və iştirakçıları olan ərizəçilər qanunsuz, qeyri mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldıqlarını iddia edirdilər.
Tərəflərin dostca anlaşmasına söykənən qərardada görə, ərizəçilərdən Kamran Əmirov, İntiqam Fətullayev, Sahib Rüstəmli, Tofiq Zeynallı, Balamirzə Fətiyev, Adil Babayevin hər birinə mənəvi zərər əvəzi 2500, hüquqi xərclər əvəzi 350 avro ödəniləcək. Ərizəçilərdən Həsən Həsənliyə ümumilikdə 4150 avro ödənilməlidir. Ərizəçiləri vəkil Əsabəli Mustafayev təmsil edib.
İlham Hüseynov Azərbaycana qarşı
Bu məhkəmə işi də Konvensiyanın 11-ci maddəsinin pozulması, eləcə də 13-cü maddənin pozuntusu iddiaları ilə bağlı idi.
Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar, ərizəçiyə ümumilikdə, 1750 avro mənəvi zərər, hüquqi xərc əvəzi ödəniləcək. Ərizəçini vəkil Fuad Ağayev təmsil edib.
Zamin Salayev və başqa 3 ərizəçi Azərbaycana qarşı
Toplaşmaq azadlığı hüququnun pozuntusu iddia olunan bu məhkəmə işində də tərəflər dostca anlaşıblar. Qərardada görə, ərizəçilər Z.Salayev, Səhladar İsgəndərli, Mehdi Nağıyev, Ceyhun İslamovun hər birinə mənəvi zərər əvəzi 2500, hüquqi xərc əvəzi 350 avro ödəniləcək. Ərizəçiləri AİHM-də vəkil Əsabəli Mustafayev təmsil edib.
Nazim MƏMMƏDOV Azərbaycana qarşı
Bu işdə ərizəçi Nazim Məmmədov 1954-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Göygöl rayonunda yaşayır. Məhkəmədə onu Bakıda fəaliyyət göstərən vəkil H.Həsənov təmsil edib. Məhkəmə işi ərizəçinin alqı-satqı yolu ilə əldə etdiyi, müvafiq mülkiyyət şəhadətnaməsi olan torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi mülkiyyət hüququna müdaxilənin dayandırlması, dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə daxili məhkəmələrə şikayət etsə də şikayətləri uğursuz olub. Ərizəçi AİHM-də mülkiyyət hüququnun pozulduğunu iddia edirdi.
Məhkəmə bu ərizəni qəbuledilməz elan edib.