Gözlənilən qərar və qərardadlar – 9 noyabr 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 9-da Azərbaycandan göndərilmiş 3 işlə bağlı yekun qərarlarını elan edəcək.

Kamran Mahmudov Azərbaycana qarşı

İşdə ərizəçi tanınmış jurnalistdir. O, axşam saatlarında Azərbaycandan Gürcüstana səfər edərkən sərhəddə saxlanılıb. Daha sonra yaxınlıqdakı polis idarəsinə aparılıb və səhərə qədər orda saxlanılıb. Ərizəçiyə ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Ərizəçi AİHM qarşısında saxlanılmasının və ölkədən çıxışına qadağa qoyulmasının onun azadlıq və toxunulmazlıq, eləcə də hərəkət azadlığı hüquqlarını pozduğunu iddia edir. Məhkəmə qarşısında həmçinin, effketiv müdafiə vasitələrinə malik olmaq (Konvensiyanın 13-cü maddəsi) və ifadə azadlığı hüququnun (Konvensiyanın 10-cu maddəsi) pozuntuları da mabahisələndirilib.

Əbdül Əbilov Azərbaycana qarşı

Bu işdə ərizəçi bloggerdir, sosial şəbəkələrdə hökuməti tənqid edən müxtəlif yazıları və tənqidi məzmunlu səhifəsi ilə tanınıb. Ərizəçi 2013-cü ildə Bakı şəhərindəki evlərinin yaxınlığında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb. Polislər onu sürüyərək “Hundai Sonata” markalı avtomobilə mindiriblər və onun evində axtarış üçün aparıblar. Axtarış ərizəçinin anasının və həyat yoldaşının iştirakı ilə aparılıb. Ərizəçi iddia edir ki, polis əməkdaşları onun qonaq otağında olan pencəyinin cibinə narkotik maddə qoymaq istəyiblər, ancaq bunu görən anası onlara mane olub. Bununla belə ərizəçinin gödəkçəsindən narkotik maddə tapılıb. Polis əməkdaşları axtarış zamanı ərizəçinin şəxsi kompüterini də götürüblər.

Axtarışdan sonra ərizəçi qaynı ilə birlikdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Orda ərizəçinin üzərinə yenə baxış keçirilib, şalvarının cibindən narkotik maddə aşkar edilib. Həmin gün ərizəçinin şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunub, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin gün Nərimanov Rayon Məhkəməsi ərizəçinin məhkəməyə qədər üç ay müddətinə həbs olunması haqda qərar çıxarıb. Məhkəmə həbs qətimkan tədbirinin tətbiqini ittihamın ağırlığı və azadlıqda olacağı təqdirdə ərizəçinin istintaqdan yayına və istintaqa mane ola biləcəyi ehtimalı ilə əsaslandırıb. Həmin qərardan verilən şikayətlər rədd edilib, ərizəçinin həbs müddəti sonrakı mərhələlərdə yenidən artırılıb. Ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciətləri də rədd edilib.

Ərizəçi AİHM-ə şikayətində azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycana qarşı

Ərizəçi 2006-cı ildə dövlət qeydiyyatından keçmiş və Bakıda iqamət edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyidir. Təşkilat sosial və iqtisadi məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirir. Ərizəçi 2010-cu ildə Nazirlər Kabinetinə informasiya sorğusu göndərərək, Nazirlər Kabinetinin tarixi dəqiq göstərilmiş Sərəncamının surətinin təqdim edilməsini xahiş edib. Həmin sərəncam 2010-cu il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşları üçün ayrılmış vəsaitin təşkilatlara bölünməsini nəzərdə tuturdu. Ərizəçinin sözlərinə görə, həmin sənədin əhatə etdiyi vəsaitlər dövlət büdcəsinin xərclərinin 35%-ə qədərini təşkil edib.

Ərizəçi sorğuya cavab almayıb, Səbail Rayon Məhkəməsində bununla bağlı iddia qaldıraraq, ondan xahiş edib ki, Nazirlər Kabinetinin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmə ərizəçi birliyin iddiasını təmin etməyib. Qərarda yalnız bir sıra daxili hüquqi müddəalara istinadlar olub, heç bir hüquqi əsaslandırma göstərilməyib.

Ərizəçi birliyin apellyasiya və kassasiya şikayətləri təmin edilməyib. Apelyasiya instansiyası əlavə edib ki, ərizəçi informasiyanı hansı məqsədlə istədiyini izah etməli idi.

Ərizəçi birlik AİHM qarşısında ona münasibətdə Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması) və 10-cu (ifadə azadlığı) maddələrinin pozulduğunu iddia edir.