Gözlənilən qərar və qərardadlar – 9 iyun 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 9-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edəcək. Qərarlar mülkiyyət, işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Əliyevlər Azərbaycana qarşı

Bu işdə ərizəçilər Həsənəli Əliyev, Rüxsarə Əliyeva, Anar Əliyev, Emin Əliyev və Rəmzi Əliyev iddia edirlər ki, hərbi xidmətdə olarkən Naxçıvan şəhərindəki hərbi qəsəbədə onlara dövlət hesabına verilmiş mənzildən çıxarılmaları qanunsuz olub.

Ərizəçilər AİHM qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququnun pozuntusunu qaldırblar.

A.Dadaşov və T.Hacıbəyli Azərbaycana qarşı

Bu işdə birinci ərizəçi 2009-cu il tarixdə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon məhkəməsi polisin təqdim etdiyi protokol üzrə onu polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahkar bilib və barəsində üç sutkalıq inzibati həbs cəzası tətbiq edib. Ərizəçi həmin işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir.

İkinci ərizəçi də eyni əməldə günahlandırılıb və cəzalandırılıb. Ərizəçi polisdə saxlanılarkən su, yemək, yataq verilmədiyini, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə olunduğunu iddia edir.

Xurşidov Azərbaycana qarşı, Bayramov Azərbaycana qarşı

Avropa Məhkəməsinin sənədlər bazasında qeyd edilən işlər haqqında ətraflı məlumat verilmir.