Gözlənilən qərar və qərardadlar – 9 fevral 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərar və qərardadlarını elan edəcək. Ərizələrdə əsasən, işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilir. Bir işdə Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilib.

Cabbar Cabbarov və başqaları (8) Azərbaycana qarşı

Bu məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilib, daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunublar.

Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət ediblər. Onlar AİHM qarşısında iddia ediblər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.

İlqar Rzayev Azərbaycana qarşı

Bu işdə ərizəçi Açıq Cəmiyyət Partiyasının üzvü olub. Anası və qardaşı da adı çəkilən müxalif partiyanın üzvü olan ərizəçi hadisələrin baş verdiyi vaxt daşınmaz əmlak şirkətində işləyib.

2012-ci ilin aprel ayında Bakı şəhərində İctimai Palata adlanan müxalif birliyin etiraz aksiyası keçirilib. Aksiyada ərizəçinin anası hökumətə yönəlik sərt tənqidi çıxış edib, ərizəçinin təqdim etdiyi press-relizlərə görə ölkə başçısını “korrupsioner və diktator” adlandırıb.

Həmin aksiyadan bir neçə gün sonra ərizəçi iş yerinin yaxınlığındakı küçədə saxlanılaraq, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Polis nəzarəti altında axtarış zamanı onun üzərindən heroin aşkar edilib. Eyni gündə polislər ərizəçinin mənzilində də axtarış aparıblar, orda da heroin aşkar ediblər. Ərizəçiyə narkotik cinayətlərinə görə cinayət işi açılıb, barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib.

Bir neçə ay sonra Nərimanov Rayon Məhkəməsi onu təqsirli sayaraq, iki il müddətinə azadlıqdan məhrum edib. Hökm maddi sübutlara, polis əməkdaşlarının və şahidlərin ifadələri ilə əsaslandırılıb. Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd ediblər.

Ərizəçi AİHM qarşısında iddia edir ki, onunla bağlı məhkəmə prosesi ədalətli olmayıb (6-cı maddə), cinayət məsuliyyətinə məhz müxalifətçi olduğuna görə cəlb edilib (14-cü maddə). AİHM kommunikasiya zamanı hökumətə qeyd edilən pozuntularla yanaşı Konvensiyanın 18-ci maddəsinin pozulması kontekstində də suallar göndərib.

Zöhrə Hacıyeva Azərbaycana qarşı

Bu məhkəmə işində mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

Ərizəçiyə məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirilib. Ona təzminat da ödənilib. Ancaq ərizəçi AİHM qarşısında iddia edir ki, qanunvericilik ümumi təzminatdan başqa ona 20 faiz məbləğində kompensasiyaya əlavə-nin ödənilməsini də nəzərdə tutur. Həmin məbləğ ərizəçiyə ödənilməyib.