Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 8-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 10 yekun qərar və qərardadlarını elan edəcək.
Adil İsmayılov və Partnyorları Azərbaycana qarşı
Bu məhkəmə işi bir sıra qeyri-hökumət təşkilatlarının iddia edilən qanunsuz fəaliyyəti ilə bağlı onlara açılmış cinayət işi çərçivəsində hüquq firması olan ərizəçi şirkətin bank hesablarının dondurulması ilə bağlıdır.
Ərizəçi şirkət AİHM qarşısında mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.
Sərdar QASIMOV Azərbaycana qarşı
Bu məhkəmə işi də qeyri-hökumət təşkilatlarına açılmış cinayət işi çərçivəsində peşəsi vəkillik olan ərizəçinin bank hesablarına yerli məhkəmələrin qərarları ilə həbs qoyulması ilə bağlıdır.
Ərizəçi AİHM qarşısında iddia edir ki, bank hesablarının üzərinə həbs qoyulması onun mülkiyyət hüququnu pozub. Ərizəçi həmçinin, mülkiyyət hüququna qanunsuz müdaxilədən qorunmaq üçün effektiv müdafiə imkanlarının mövcud olmamasından (Konvensiya, Maddə 13) şikayət edib.
Gültəkin HACIBƏYLİ Azərbaycana qarşı
Bu işdə ərizəçi parlamentin keçmiş üzvü və müxalif siyasətçidir. Ərizəçi keçmiş həyat yoldaşı M.M.-dən böhtana görə xüsusi ittiham qaydasında şikayət edib. İşin materiallarından göründüyünə görə, M.M. 17 may 2013-cü il tarixdə mətbuat konfransı keçirib. Bunun ardınca müxtəlif qəzetlər və internet saytlarında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdən görünür ki, keçmiş həyat yoldaşı ərizəçini parlament üzvü olarkən səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, habelə, M.M. ilə mülkiyyətlə və övladı ilə təmas qurmaqla bağlı mübahisələr zamanı yerli məhkəmələrə qanunsuz təsir göstərməkdə ittiham edib. Ərizəçinin şikayəti üzrə birinci instansiya məhkəməsindəki baxış zamanı məhkəmə, M.M-nin dərc olunmuş məqalələrin müəllifi olmaması, onun mətbuat konfransı zamanı istifadə etdiyi ifadələrin böhtan xarakterli deyil, “tənqidi” məzmunlu olması əsası ilə ərizəçinin şikayətini rədd edib. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib.
Konvensiyanın 8-ci maddəsinə əsaslanan ərizəçi, daxili məhkəmələrin onun nüfuzunu qorumamasından şikayət edir.
Şahmar Məmmədov Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçiyə məxsus qeyri-yaşayış obyektinin – İsmayılı rayonundakı kafenin icra hakimiyyəti qurumlarının qərarına əsasən sökülməsi və kafenin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlıdır. Ərizəçi iddia edir ki, İsmayıllı rayonunda ona məxsus olan kafe Muğanlı-İsmayıllı avtomobil yolunun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb, sahəsi əlindən alınıb, ancaq ona ədalətli təzminat məbləği ödənilməyib. Ərizəçinin məhkəmələrə şikayətindən sonra ümumilikdə 9572 manat kompensasiya müəyyən edilib. Onun yuxarı məhkəmələrə şikayətləri rədd edilib.
Ərizəçi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edir.
İyunun 8-də AİHM həmçinin, aşağıdakı işlər üzrə qərarlarını elan edəcək. Məhkəmənin sənədlər bazasında həmin işlərin detalları haqda bilgi verilmir.
Əliyev və Başqaları Azərbaycana qarşı;
Qarayev və Başqaları Azərbaycana qarşı;
İsmayılov Azərbaycana qarşı;
Məmmədov və Başqaları Azərbaycana qarşı;
Nəbiyev və Başqaları Azərbaycana qarşı;
Sadıqov və Başqaları Azərbaycana qarşı;