Gözlənilən qərar və qərardadlar – 7 sentyabr 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 7-də Azərbaycanla bağlı 2 qərarını elan edəcək.

Şahvələd NAMAZOV Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlıdır. Ərizəçi həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozntusundan da şikayət edib.

Ərizəçi AİHM-ə şikayətində iddia edib ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanuna uyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb. Ərizəçiyə görə, məruz qaldığı pozuntudan müdafiə üçün əlində istifadə edə biləcəyi effektiv müdafiə vasitələri də mövcud olmayıb.

Eyni zamanda ifadə azadlığı hüququna da müdaxilə edildiyini bildirən ərizəçi, bu müdaxilənin 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri olmadığını iddia edib.

Ərizəçi həmçinin, şikayətində Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən dövlət tərəfindən qoyulmuş məhdudiyyətlərin Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edildiyini ifadə edib.

İlqar QURBANOV Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin dövlət qulluğundan xaric edilməsinə dair icraatlarla əlaqəlidir. Ərizəçi iddia edib ki, onun işinə Ali Məhkəmədə baxılarkən iddiaçıya, onun vəkilinə iclasın keçirilmə tarixi və vaxtı barədə lazımi qaydada məlumat verilməyib, işə onların qatılımı olmadan baxılıb.