Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 7-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 2 qərarını elan edəcək. Qərarlar 35 ərizəçiyə münasibətdə çıxarılır.
Ülvi Həsənov və Məcid Məcidli Azərbaycana qarşı
Ərizəçilər müxalifət yönlü gənc fəallardır. 2013-cü ilin iyul ayında Bakıdakı İçərişəhər metro stansiyasında vərəqələr yayarkən polislər tərəfindən saxlanılıblar. Vərəqələrdə “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur” yazılmışdı. Hər iki ərizəçi polisə aparılıb, bir gecə orda saxlanılıblar.
Ərizəçilər barəsində “inzibati xəta haqqında protokol” tərtib edilib. Protokolda ərizəçilərin hökumət əleyhinə vərəqələr yaydığı, polis məmurunun qanuni əmrinə tabe olmadığı qeyd edilib və məhkəmə ərizəçilərin hər birinə 15 sutka həbs cəzası verib.
Yuxarı məhkəmələr ərizəçilərin bu qərardan verdikləri şikayətlərin rədd ediblər.
Ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilə olunduğunu iddia edirlər.
Seudin Zoletic və başqa 32 nəfər Azərbaycana qarşı
Bu işdə ərizəçilər- 33 Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda aldadıldıqlarını iddia edirlər. Onlar şikayətlərində bildiriblər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar. Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçir, ərizəçilərin bəziləri həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışıblar.
33 ərizəçi iddia edir ki, onları işə götürərkən, hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara cəmi 3-4 dollar ödənilib. Yaşayış durumları dözülməz olub, pasportları əllərindən alınmış bosniyalılar acınacaqlı şəritdə saxlanılıb, hamam, tualeti olmayan, yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər.
Ərizəçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı məhkəməyə çıxarıblar. Yalnız hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilib, pasportları geri verilib, hava limanına aparılaraq ölkələrinə göndərilib.
Avropa Məhkəməsində yerli, habelə Kanada və Böyük Britaniyadan olan vəkillər vasitəsilə təmsil olunan ərizəçilər iddia edirlər ki, onlara münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusuna yol verilib.