Gözlənilən qərar və qərardadlar – 5 sentyabr 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 5-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 8 qərar və qərardadını elan edəcək.

Əfqan Muxtarlı Azərbaycan və Gürcüstana qarşı

Bu işdə ərizəçi Əfqan Sabir oğlu Muxtarlı 1974-cü ildə anadan olmuş, Almaniyada yaşayan Azərbaycan vətəndaşıdır. Məhkəmə işi tanınmış azərbaycanlı jurnalist olan ərizəçinin 2017-ci ildə müvəqqəti yaşadığı Gürcüstandan oğurlanıb gizli şəkildə Azərbaycana gətirilməsi, pis rəftara məruz qalması, daha sonra onun həbs edilməsi, məhkəməyə qədər həbsdə tutulmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçi iddia edir ki, məruz qaldığı bütün hərəkətlər onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyıb.

Ərizəçi Gürcüstanla bağlı onun oğurlanmasından, pis rəftara məruz qalmasından, zorla Azərbaycana ötürülməsindən və müvafiq orqanların baş verənləlrə bağlı səmərəli araşdırma aparmamasından şikayət edib. Azərbaycana gəldikdə ərizəçi iddia edir ki, onun həbs olunması və məhkəməyə qədər orada saxlanması qanunsuz və əsassız olub.

Ərizəçiyə görə, ona münasibətdə Konvensiyanın 3-cü, 5-ci, 8-ci, 10-cu, 13-cü və 18-ci maddələrinin pozuntusu baş verib. Hərəkət azadlığı, əcnəbilərin ölkədən çıxarılması ilə bağlı prosessual təminat hüquqlarının da pozulduğunu iddia edən ərizəçi, faktiki olaraq, oğurlandığını və bununla Gürcüstan dövlətinin onun Konvensiyanın 3 və 5-ci maddələri ilə təminat altına alınan haqlarını pozduğunu iddia edir.

Abbasov və başqaları Azərbaycana qarşı;
Böyükkişiyev Azərbaycana qarşı;
CİN-TELEKOM Azərbaycana qarşı;

Hər 3 işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilib.

Ərizəçilər müxtəlif tarixlərdə yerli məhkəmələr qarşısında mülki iddia qaldırblar. Məhkəmələr onların iddialarını təmin etməyiblər. Ərizəçilər apellyasiya və kassasiya instansiyalarında onların şikayətlərinə baxılması haqqında onlara və vəkillərinə lazımi qaydada məlumat verilməməsindənb şikayət edirlər.

Şərifov Azərbaycana qarşı

Bu işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Məhkəmə işi “Qış Parkı”nın salınması zamanı həmin ərazidəki tikililərin sökülməsi, onların kompensasiya edilməməsi ilə bağlıdır. Ərizəçi ona məxsus yaşayış sahəsi söküləsə də qanunvericiliyə uyğun olaraq, kompensasiya ala bilməməsinin onun mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququnu pozmasından şikayət edib.

Ağayev Azərbaycana qarşı

Bu işin halları əvvəlki işlə oxşardır. Saatlı rayonu sakini olan ərizəçi məhkəmə qarşısında iddia edib ki, rayon adminstrasiyasının qərarına əsasən, ona məxsus iki qeyri-yaşayış sahəsi sökülüb, əlindən alınıb. Ancaq ona kompensasiya ödənilməyib.

Ərizəçi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edir.

Əhmədov və başqaları Azərbaycana qarşı;
İbrahimov və başqaları;

Qeyd edilən 2 məhkəmə işi haqqında AİHM-in sənədlər bazasında məlumat verilmir.