Gözlənilən qərar və qərardadlar – 5 oktyabr 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 5-də Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 6 qərarını elan edəcək.

Rəşad Həsənov və başqaları Azərbaycana qarşı

Bu ərizələr vətəndaş cəmiyyəti fəalları və NİDA vətəndaş hərəkatının üzvləri olan ərizəçilərin qanunsuz silah saxlama və kütləvi iğtişaşlar törətməkdə ittiham edilib, cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır. Ərizəçilər əsasən onlara qarşı cinayət işinin uydurma olduğunu və onların mühakimə olunmasının ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına qanunsuz müdaxilə təşkil etdiyini iddia edirlər.

Ərizəçilərə görə, barələrindəki milli icraatlar onların Konvemsiyanın 6-cı, 10-cu və 11-ci maddələri ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və toplaşmaq azadlığı hüquqlarını pozub.

Cəlal Hüseynov və başqaları Azərbaycana qarşı

Bu iş müxtəlif ittihamlarla mühakimə olunan ərizəçilərin Bakı Ağır Cinayətlər Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Xəzər Rayon Məhkəməsindəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edirlər.

Ağahüseyn Gözəlov Azərbaycana qarşı

Bu ərizə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş parlament seçkiləri ilə bağlıdır. Seçkidə namizəd kimi iştirak edən ərizəçi, birmandatlı seçki dairələrində baş verdiyi iddia olunan müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərinə səmərəli baxılmamasından şikayət edib.

Qazaryan və Bayramyan Azərbaycana qarşı

Ərizəçilər Ermənistanın Azərbaycanla sərhədindən bir neçə kilometr aralıda yerləşən Berdavan kəndində yaşayan Ermənistan vətəndaşları Armen Qazaryan və Astqik Bayramyandır. Məhkəmə işi ərizəçilərin 39 yaşlı oğlunun 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılması ilə bağlıdır. Onların övladları Azərbaycan məhkəmələri tərəfindən təxribat və terrorda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub. Ardınca, 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi çərçivəsində Ermənistana qaytarılıb. Ərizəçilər övladlarının tutulması, həbsi və mühakiməsinin Konvemsiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 5-ci maddələrinin (azadlıq və təhlükəsizlik hüququ) pozuntusu ilə müşayət olunduğunu iddia edirlər.

Qarik Ohanyan və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər bir vaxtlar Talış kəndində yaşamış ər və arvad, onların anası və övladlarıdır. Onların şikayətləri 2016-cı ilin aprel döyüşləri kontekstində verilib. Ərizəçilər döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olublar.

Ərizəçilər onlara münasibətdə Konvensiyanın 2-ci, 8-ci, 13-cü və 14-cü maddələrinin pozulduğunu, habelə, mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.

Manvel Hakobyan Azərbaycana qarşı

Bu işdə ərizəçi 1936-cı il təvəllüdlü Ermənistan vətəndaşıdır. Onun şikayəti də 2016-cı ilin aprel döyüşləri kontekstində verilib. Ərizəçi döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olublar.

Bu işdə də Qarik Ohanyan və başqaları Azərbaycana qarşı işindəki kimi oxşar pozuntu iddiaları qaldırılıb.

AİHM oktyabrın 5-də eyni zamanda bir qrup Azərbaycan vətəndaşının Ermənistana qarşı şikayətləri üzrə 4 qərarını da elan edəcək.

Qurbanov Ermənistana qarşı

Bu işdə ərizəçi Azərbaycan vətəndaşıdır, Bakıda yaşayır. Onun Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan 22 yaşlı oğlu 29 dekabr 2016-cı il tarixdə Azərbaycan və Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalarda həlak olub. Onun meyiti Ermənistanın Tavuş rayonunda aşkar edilib. Məhkəmə işi həlak olmuş hərbçinin nəşinin verilməsinin gecikdirilməsi, yalnız 5 fevral 2017-ci il tarixdə ailəsinə təhvil verilməsi ilə bağlıdır.

Ərizəçi onlara münasibətdə Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 8-ci (şəxsi və ailə həyatına hörmət), 13-cü (effektiv müdafiə vasitələrinə malik olmaq) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozulduğunu iddia edir.

Firuzə ƏSGƏROVA və Albina VESELOVA Ermənistana qarşı

AİHM-ə 2015-ci ildə təqdim edilmiş bu işdə ərizəçilər Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini və Tərtər rayonunun Qarağacı kəndində yaşayan Rusiya vətəndaşıdır. Onlar erməni hərbçiləri tərəfindən tutulub məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır.

Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, D.Əsgərov və Ş.Quliyevin saxlanılması, mühakimə və məhkum olunması ilə bağlı icraatlar onların Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 8-ci, 13-cü və 14-cü maddələri ilə təminat altına alınan işgəncənin yolverilməzliyi, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, effektiv müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarını pozub.

Abbas Allahverdiyev Ermənistana qarşı

Bu işdə ərizəçi Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sakinidir. Ərizəçi 2016-cı il aprel döyüşləri zamanı təmas xəttindən bir neçə kilometr aralıda yerləşən Tapqaraqoyunlu kəndindəki evi davamlı atəşə tutulduğuna görə, evini tərk edərək qonşu kəndlərdə məskunlaşmalı olub. Ərizəçinin evinə mərmi düşüb, o, üz və göz nahiyələrindən xəsarətlər alıb. Mərmilər onun evinə də ziyan vurub, habelə, 60-dan artıq heyvanını tələf edib.

Ərizəçi AİHM qarşısında yaşamaq, işgəncəyə məruz qalmamaq, şəxsi həyata hörmət, mülkiyyət və effeltiv müdafiə vasitələrinə malik olmaq hüquqularının pozulduğunu iddia edir.

İslam Əliyev Ermənistana qarşı

Ərizəçi 1937-ci ildə doğulub, Tərtər rayonunun Qapanlı rayonunda yaşayır.

Bu işin halları Abbas Allahverdiyev Ermənistana qarşı işinin halları ilə oxşardır. 2016-cı il aprel döyüşləri zamanı ziyana məruz qalan ərizəçi AİHM qarşısında oxşar pozuntu iddiaları irəli sürüb.