Noyabrın 4-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki qərar elan edəcək. Hər iki qərar Ermənistan vətəndaşlarının şikayəti üzrədir.
Xojoyan və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər Hasmik Xojoyan, Heghine Vardazaryan və Haykaz Xojoyandır (hazırda vəfat edib). Onlar müvafiq olaraq 1964, 1967 və 1959-cu il təvəllüdlü Ermənistan vətəndaşlarıdır.
Məhkəmə işi 2014-cü ilin əvvəlində ərizəçilərin atasının Azərbaycan ərazisində saxlanılması və ona qarşı pis rəftar edilməsi iddiaları ilə bağlıdır. Ərizəçilərin atası 28 yanvar 2014-cü il tarixdə səhər saatlarında Azərbaycanla sərhədə yaxın Ermənistandakı evini tərk edib. İki gün sonra onun Azərbaycanda saxlanılması barədə xəbəri yayılıb. O, 2014-cü il martın 4-də Ermənistana təhvil verilib. Ərizəçi on həftə sonra vəfat edib.
Ərizəçilər hesab edir ki, onlara münasibətdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələri pozulub.
Petrosyan Azərbaycana qarşı
Bu işdə Ərizəçi Artuş Petrosyan Ermənistan vətəndaşıdır, 1957-ci ildə anadan olub və Çinaridə (Ermənistan) yaşayır.
Ərizəçinin 1981-ci il təvəllüdlü oğlu 2014-cü il avqustun 7-də Azərbaycan sərhəddini keçdiyi üçün Azərbaycan silahlı qüvvələri tərəfindən saxlanılıb və Azərbaycanda dünyasını dəyişib.
Bu işdə də ərizəçi Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan edilməsi) pozuntusunu mübahisələndirib.