Avropa İnsan Haqları Məhkəməsi (AİHM) avqust ayının 31-də Azərbaycandan göndərilmiş 8 ərizə üzrə 3 qərar və qərardadını elan edəcək.
Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı
Bu işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilir.
Ərizəçilərə məxsus əmlaklar – fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-16-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülmüşdü. Onlar qeyd edilən mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət hüququnu pozduğunu iddia edirlər.
Yerli məhkəmələr onların şikayətlərini rədd edib.
Sugra Quliyeva Azərbaycana qarşı
Quliyeva Azərbaycana qarşı işi ərizəçinin Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa etmişdi. Sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınmışdı. Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da ərizəçiyə pul ödənilməmişdi. O, 178 min AZN məbləğində təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-ni məhkəməyə vermiş, amma iddiası təmin olunmamışdı.
Avropa Məhkəməsi bu işlə bağlı 2021-ci ildə qərarını açılayıb, hesab edib ki, ərizəçiyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsi pozulub.
Bu işdə ərizəçi maddi ziyana görə 232.750 Azərbaycan manatı, “itirilmiş fayda”ya görə təzminat, mənəvi zərərə görə 20.000 avro və xərc məsrəflər üçün qeyri-müəyyən məbləğ tələb etmişdi. 2021-ci ildə təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə etmişdi. AİHM avqustun 31-də ərizəçinin təzminat tələbləri ilə bağlı yekun qərarını açıqlayacaq.
Nəsimi Musayev Azərbaycana qarşı
Bu işdə 1993-cü ildə anadan olmuş ərizəçi Nəsimi Musayev Azərbaycan vətəndaşıdır, Lerikdə yaşayır. 2011-ci ildə Lerik Hərbi Komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar verib. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş edib, ancaq bileti ala bilməyib.
Ərizəçi 2011-ci ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək istəyib, ancaq abituriyent olaraq, hərbi biletini təqdim edə bilmədiyindən imtahana buraxılmayıb. İmtahan mövsümü başa çatandan sonra hərbi bilet ərizəçiyə təqdim edilib.
Ərizəçi 2011-ci ilin dekabrında Lerik Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə qarşı hüquqlarının, xüsusən də təhsil hüququnu pozmaları əsası ilə iddia qaldırıb, 100.000 Azərbaycan manatı məbləğində mənəvi ziyan əvəzi tələb edib. Yerli məhkəmələr ərizəçinin şikayətlərini rədd edib.
Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması (6-cı maddə) və təhsil hüququnun (Protokol 1, maddə 2) pozulduğunu iddia edir.