Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 30-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə ilə bağlı 10 yekun qərarını elan edəcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycana qarşı
Bu məhkəmə işi müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qeydə alınmış təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina olunması ilə bağlıdır. İşin hallarına görə, 2015-ci ilin fevralında partiyanın sədri cənab Kərimli partiyanın sədr müavini Nurullayevi tutduğu vəzifədən azad edib. Elə həmin ay cənab Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan edib.
2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Kərimlini yenidən sədr seçib və onun əsas rəhbər orqanlarının üzvlərini təsdiqləyib. Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qeydiyyat sənədlərini geri qaytarıb, qeyd edib ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında partiyanın başqa bir qurultayı keçirilib, (“etimad qurultayı” adlandırılan) cənab Nurullayev partiya sədri seçilib, rəhbər orqanlar formalaşdırılıb.
Ərizəçi tərəf Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, tələb edib ki, məhkəmələr, Ədliyyə Nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbnul etsin. Məhkəmələr həmin şikayəti təmin etməyiblər.
Ərizəçi, AİHM qarşısında ona münasibətdə 13-cü və 18-ci maddələrlə birlikdə götürülməklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusunu mübahisələndirib.
Əli İNSANOV Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir. Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. Hadisələrin baş verdiyi vaxt o, bir neçə cinayətə görə məhkum edilmişdi, həbsxanada cəza çəkirdi (bu işlə bağlı cinayət prosesi Məhkəmənin İnsanov Azərbaycana qarşı (no. 16133/08, 14 mart 2013-cü il) qərarının predmeti olub). Ərizəçinin cəza müddəti 20 oktyabr 2016-cı il tarixdə başa çatacaqdı. 24 avqust 2016-cı il tarixdə ərizəçi qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanmasında və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Qaradağ Rayon Məhkəməsi 24 avqust 2016-cı il tarixli qərarı ilə ərizəçinin 20 oktyabr 2016-cı il tarixinədək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsinə qərar verib. 11 oktyabr 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışına qədər, 11 yanvar 2017-ci il tarixinədək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb. Apellyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib.
Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edib ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ona qarşı ittihamlar uydurma olub, barəsindəki həbs-qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər mövcud olmayıb.
Abgül SÜLEYMANOV Azərbaycana qarşı
Məhkəmə işi müsəlman dini lideri olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Ərizəçi həmçinin, dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulduğunu iddia edir.
Ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 20 noyabr 2014-cü ildə Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.
Mehmet ÇELİK və Faiq Semih BAŞOĞLU Azərbaycana qarşı
Bu məhkəmə işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlıdır.
Ərizəçilər iddia edirlər ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar.
Nazim MƏMMƏDOV Azərbaycana qarşı
Bu işdə ərizəçi Nazim Məmmədov 1954-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Göygöl rayonunda yaşayır. Məhkəmədə onu Bakıda fəaliyyət göstərən vəkil H.Həsənov təmsil edib. Məhkəmə işi ərizəçinin alqı-satqı yolu ilə əldə etdiyi, müvafiq mülkiyyət şəhadətnaməsi olan torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi mülkiyyət hüququna müdaxilənin dayandırlması, dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə daxili məhkəmələrə şikayət etsə də şikayətləri uğursuz olub.
Ərizəçi AİHM-də mülkiyyət hüququnun pozulduğunu iddia edir.
AİHM qeyd edilənlərdən başqa Azərbaycanla bağlı daha 5 qərar elan edəcək. Həmin işlərin detalları haqqında məhkəmənin sənədlər bazasında məlumat verilmir:
Abbasov və başqaları Azərbaycana qarşı (təmsilçi, Tural Hacıbəyli);
Həsənli və başqaları Azərbaycana qarşı (təmsilçi, Əsabəli Mustafayev);
Həziyev Azərbaycana qarşı (təmsilçi, Şəhla Hümbətova);
Hüseynov Azərbaycana qarşı (təmsilçi, Fuad Ağayev);
Salayev və başqaları Azərbaycana qarşı (təmsilçi, Əsabəli Mustafayev);