Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 30-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 qərarını elan edəcək.
Azadlıq qəzeti və Qənimət Zayidov Azərbaycana qarşı
Bu işdə ərizəçilər “Azadlıq” qəzeti və həmin qəzetin hadisələrin baş verdiyi vaxtda redaktoru olmuş Qənimət Zayidovdur (Zahid).
Şikayət “Prezident köməkçisinin korrupsiya aparatı” sərlövhəli məqaləyə görə, ərizəçilərə qarşı qaldırlmış mülki məhkəmə iddiaları, həmin iddialar üzrə çıxarılmış məhkəmə qərarları ilə bağlıdır. Sözügedən məqalədə Azərbaycanın keçmiş prezidentinin keçmiş köməkçilərindən olmuş Tariyel Ağayevin və qohumlarının əmlaklarından, futbol klubundan, torpaq sahələrindən, restoran və müxtəlif ticarət müəssisələrindən bəhs olunur, onların korrupsiya yolu ilə əldə edildiyi iddia olunurdu. T.Ağayev məqalədəki məlumatların yalan olduğunu, onun nüfuzunu zədələdiyini bildirərək, qəzeti və qəzetin baş redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin yayılmış məlumatların doğruluğunu sübut edə bilməməsi əsası ilə iddiaçının xeyrinə qərar vermişdi – dəymiş mənəvi ziyana görə qəzet 40.000, qəzetin baş redaktoru isə 25.000 manat cərimələnmişdi. Yuxarı məhkəmələr ərizəçilərin həmin qərardan şikayətlərini rədd etmişdi.
Ərizəçilər AİHM qarşısında iddia etmişdilər ki, milli məhkəmələrin qərarları onların ifadə azadlığı hüququna müdaxilə məzmunda olub – müdaxilə əsaslandırılmayıb və qeyri-mütənasib olub.
Bu işdə ərizəçiləri Media Hüququ İnstitutunun əməkdaşları təmsil ediblər.
Fariz Namazlı Azərbaycana qarşı
Bu işdə ifadə azadlığı (ictimai bilgilərə çatım) hüququnun pozuntusu mübahisələndirilib.
İfadə azadlığı ilə bağlı müxtəlif layihələri icra edən Media Hüququ İnstitutunun hüquqşunaslarından olan ərizəçi “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına sorğu ilə müraciət edib, xahiş edib ki, Binəqədi rayonunun 2008-ci il büdcəsi, büdcənin xərclənmə durumu ilə bağlı bilgilərin ona təqdim olunmasını təmin etsin.
İcra Hakimiyyəti sorğuya cavab göndərib, ancaq istənilən informasiyaları təqdim etməyib. Ərizəçi məhkəməyə müraciət edərək, sorğu vasitəsilə istədiyi informasiyaların ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edib. Məhkəmə iddianı təmin etməyib, bildirib ki, ərizəçinin istədiyi məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq açıq tutulmalı informasiyalar sırasına daxil deyil. Ərizəçinin həmin qərardan şikayəti də təmin edilməyib. Apelyasiya instansiyası qərarında qeyd edib ki, ərizəçi məlumatı hansı məqsədlə əldə etmək istədiyini əsaslandırmayıb. Ərizəçinin kassasiya şikayətini Ali Məhkəmə rədd edib.
Ərizəçi AİHM qarşısında iddia edib ki, istədiyi publik bilgilərin təqdim edilməməsi onun ictimai maraq kəsb edən məlumatlara çıxış hüququnu pozub (Maddə 10). Ərizəçi həmçinin, yerli məhkəmələrin qərarlarının əsaslandırılmadığını iddia edib (Maddə 6).
Rövşən Əhmədli Azərbaycana qarşı
Bu iş hadisələrin baş verdiyi vaxtda İslam Partiyası sədrinin müavini olmuş R.Əhmədlinin inzibati qaydada həbs edilməsi ilə bağlıdır. Ərizəçi şikayətində bildirib ki, 2011-ci ilin yanvar ayında evində üç polis əməkdaşı və iki mülki geyimli zabit tərəfindən polis idarəsinə aparılıb. İdarədə barəsində inzibati xəta haqqında protokol tərtib edilən ərizəçi, polis əməkdaşının qanuni tələbinə (ictimai yerdə səs-küy salmağı dayandırmaq) tabe olmamaqda günahkar bilinib. O, 10 sutkalığa həbs edilib.
Ərizəçi iddia edir ki, barəsindəki məhkəmə qərarları əsassız olub, ona müdafiəsini hazırlamağa vaxt verilməyib, şərait yaradılmayıb.