Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 29-da Azərbaycanla bağlı 1 qərarını elan edəcək.
Laləzar MƏMMƏDOVA Azərbaycana qarşı
Bu məhkəmə işinin hallarına görə, ərizəçi 1996-cı ildə dələduzluğa məruz qalması səbəbindən evsiz qalıb. Ona həmin il Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Gəncədəki bazasının qeyri-yaşayış binasının bir hissəsində məskunlaşmağa icazə verilib.
2011-ci ildə adıçəkilən institut binanın bir hissəsini qanunsuz zəbt etməsi əsası ilə ərizəçiyə qarşı Kəpəz Rayon Məhkəməsində iddia qaldırıb, onun binadan çıxarılmasını tələb edib. Öz növbəsində Məhkəmə ərizəçinin binanı qanunsuz zəbt etdiyini müəyyən edərək, onun ordan çıxarılmasına qərar verib.
Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd edib.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 8-ci maddəsinin pozuntusunu mübahisələndirib.