Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, oktyabrın 28-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edəcək.
Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində müxalif siyasi partiyalardan deputatlığa namizədliklərini irəli sürüblər. Ancaq onların namizədliklə bağlı müraciətləri, dəstəkləyici seçici imzalarının bir hissəsinin etibarlı olmaması əsası ilə qəbul edilməyib. Mərkəzi Seçki Komissiyasına və məhkəmlərə şikayətləri təmin edilməyən Ərizəçilər seçki hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı
Bu iş də seçki hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Müxtəlif siyasi partiya üzvləri olan Ərizəçilər 2015-ci ildə keçirilmiş növbəti parlament seçkilərində və 2016-cı ildə keçirilmiş təkrar seçkilərdə deputatlığa namizədliklərini irəli sürüblər. Seçki qurumu onların namizədliyini də yetərli etibarlı seçici imzası təqdim etmədiklərinə görə, qeydə almayıb. Ərizəçilərin ali seçki qurumuna və məhkəmələrə şikayətləri də rədd edilib. Onlar AİHM qarşısında seçki, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndiriblər.
Elvin Adıyev və Elçin Namazov Azərbaycana qarşı
Bu şikayətlər ərizəçilərin polis əməkdaşının qanuni tələbinə əməl etməməyə görə inzibati qaydada cəzalandırılmaları ilə bağlıdır. E.Abdıyev həm də kiçik xuliqanlığa görə cəzalandırlmışdı. Ərizəçilərə 3-15 gün inzibati həbs cəzası verilmişdi. Onlar məhkəmələrin ədalətli olmamasından şikayət ediblər.
Emil Mehdiyev və Vahid Əbilov Azərbaycana qarşı
Bu işdə ərizəçilər Yahova Şahidləri dini icmasının üzvləridir. Dini baxışlarına görə, hərbi xidmət keçməkdən imtina etmiş ərizəçilər cinayət məsuliyyətinə cəlb olunmuş, 1 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Ərizəçilər dini etiqad azadlığı hüquqularına müdaxiləni mübahisələndiriblər.