Gözlənilən qərar və qərardadlar – 26 sentyabr 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, sentyabr ayının 26-da Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edəcək.

Hilal MƏMMƏDOV Azərbaycana qarşı

Bu məhkəmə işi jurnalist və vətəndaş cəmiyyəti fəalı olan ərizəçinin narkotik vasitələrin satışı, dövlətə xəyanət və etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuzluğu iddiaları ilə bağlıdır.

Ərizəçinin iddiasına görə, ona qarşı cinayət işi uydurma olub, o, hüquq mühafizə orqanlarının əvvəlcədən yerləşdirdiyi qurama sübutlar əsasında məhkum edilib. O, həmçinin iddia edir ki, cinayət məsuliyyətinə cəlb edilməsi zamanı müxtəlif yazılarından, müsahibələrindən və məqalələrindən sübut kimi istifadə edilib ki, bu da onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib.

Ərizəçi AİHM qarşısında Konvemsiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (ifadə azadlığı hüququ) maddələrinin pozuntusunu mübahisələndirib.

İxtiyar İBRAHİMOV Azərbaycana qarşı

Bu işdə ərizəçi dələduzluq ittihamı ilə məhkum edilib. Onun iddiasına görə, cinayət ittihamı ilə bağlı icraatin gedişində, 19 aprel 2016-cı il tarixində Ali Məhkəmədə keçirilən dinləmələr zamanı ona məlumat verilmədiyindən prosesdə iştirak edə bilməyib, bu da onun Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndi ilə qoruma altına alınan hüquqlarını pozub.

Qeyd edilən tarixdə AİHM Əliyeva və başqaları Azərbaycana qarşı işi üzrə də qərarını elan edəcək. Məhkəmənin sənədlər bazasında qeyd edilən ərizə ilə bağlı ətraflı məlumat verilmir.