Gözlənilən qərar və qərardadlar – 25 may 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 25-də Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 3 qərarını elan edəcək.

Hümeyir Əhmədov Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin ölkədən çıxışına hüquq mühafizə orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır.

Ərizəçi AİHM qarşısında iddia edib ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub. Ərizəçi həmçinin, bu pozuntunu mübahisələndirə bilməsi üçün ölkə daxilində effektiv müdafiə vasitələrinin (Konvensiya, maddə 13) mövcud olmadığını iddia edir.

Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı

Bu işdə 5 ərizəçi “Yehova Şahidləri” dini icmasının üzvləridir.

Ərizəçilərin hamısı 2011-ci ildə Gəncə şəhərində keçirilən dini ayin zamanı saxlanılıb, polisə aparılıblar. Ertəsi gün məhkəmə qarşısına çıxarılan ərizəçilər dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib, inzibati qaydada 500-1500 AZN cərimə olunublar. Onların yuxarı məhkəmələrə şikayətləri isə rədd edilib.

Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, şəxsi həyata hörmət (Maddə 8), dini etiqad azadlığı (Maddə 9), toplaşmaq azadlığı (Maddə 11) və ayrıseçkiliyin qadağan olunması (Maddə 14) hüquqlarına müdaxilə baş verib.

Hüseynov və Mirqasımova Azərbaycana qarşı

Bu işin təfərrüatları haqda AİHM bazasında məlumat verilmir.