Gözlənilən qərar və qərardadlar – 24 mart 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, martin 24-də Azərbaycanla bağlı daha bir qərarını elan edəcək.

Zayidov (Qənimət Zahid) Azərbaycana qarşı

Bu işdə 1963-cü ildə anadan olmuş ərizəçi Qənimət Səlim oğlu Zayidov hazırda Fransada, Strasburq şəhərində yaşayır, Azərbaycan vətəndaşıdır. O, jurnalistdir və sərt müxalif mövqeyi ilə seçilən “Azadlıq” qəzetinin baş redaktoru olub.

Məhkəmə işi xuliqanlıqda ittiham olunaraq azadlıqdan məhrum edilərkən, həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsi iddiası ilə bağlıdır. İş həmçinin, ərizəçinin ona dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı qaldırdığı məhkəmə şəkişmələrini də əhatə edir. 

Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan Ərizəçi şikayət edir ki, onun kitab halında çap etdirmək niyyətində olduğu əlyazmasının götürülməsi və məhv edilməsi qanuni olmayıb. Ərizəçi həmçinin, 6-cı maddənin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanaraq, dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ədalətsiz olduğunu, xüsusən də məhkəmə iclaslarında şəxsən iştirakının təmin edilmədiyini, şahidlərin dəvət edilib, dindirilməsi barədə vəsatətlərinin təmin olunmadığını, məhkəmə qərarlarının adekvat olmadığını iddia edir.

Ərizəçi eləcə də ona münasibətdə  Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə sahib olmaq hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinin (mülkiyyət hüququ) pozulduğunu iddia edir.