Gözlənilən qərar və qərardadlar – 23 mart 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, martın 23-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 2 yekun qərarını elan edəcək.

Fədayə QAYIBOVA (33085/12) Azərbaycana qarşı

Avropa Məhkəməsinə 2012-ci ildə təqdim edilmiş bu şikayət ərizəsi ərizəçinin mənzilində onun kürəkəninə açılmış cinayət işi çərçivəsində axtarış aparılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçi iddia edir ki, əlaqəli qurumların axtarışı, axtarış zamanı ona məxsus xeyli miqdarda pul vəsaitinin götürülməsi qanunsuz olub.

Ərizəçi AİHM qarşısında iddia edib ki, evində axtarış aparılması, həmin axtarış zamanı ona məxsus pul vəsaitinin götürlüməsi, onun Konvensiyanın 8-ci maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat altına alınan şəxsi həyata hörmət və mülkiyyət hüquqlarına müdaxilə təşkil edib.

Vüqar ABİŞOV (46419/16) Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin saxlanılması, həbsi zamanı kobud rəftara, hədə-qorxuya məruz qalması iddiası ilə bağlıdır.

AİHM-ə 2016-cı ildə göndərilmiş işin hallarına görə, ərizəçi tutularkən döyülüb, polisdə saxlanarkən etirafedici ifadələr verməsi üçün kobud rəftara və hədə-qorxuya məruz qalıb, müxtəlif bədən xəsarətləri alıb. Ərizəçi istintaq zamanı verdiyi etirafedici ifadələri məhkəmədə rədd edib. Tənqidi düşüncələrinə görə saxlanılıb həbs edildiyini bildirən ərizəçi həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunla müəyyən edilmiş müddətdən artıq saxlanıldığını, öz seçdiyi vəkilə çatımına imkan verilmədiyini də iddia edir.

Ərizəçi AİHM qarşısında iddia edir ki, onun Konvensiyanın 3-cü, 6-cı və 10-cu maddələri ilə qorunan işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilə baş verib.