Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, fevralın 23-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 5 yekun qərar və qərardadlarını elan edəcək. Ərizələrdə əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilir. İlkin Rüstəmzadə Azərbaycana qarşı işində həmçinin, Konvensiyanın 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10-cu (ifadə azadlığı) və 18-ci maddələrinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilib.
İlkin Rüstəmzadə Azərbaycana qarşı
Bu işdə ərizəçi İlkin Bəkir oğlu Rüstəmzadə 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Bakı şəhərində yaşayır. Ərizəçi, 2011-ci ildə yaradılmış “Azad Gənclik” təşkilatının təsisçilərindən biri olub.
Şikayət 2013-cü ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və vətəndaş cəmiyyəti qurumu üzvüykən həbs edilməsindən sonra ərizəçinin həmin vaxt Azərbaycanda məşhur olan “Harlem Shake” rəqsinin çəkilişində iştirak etməsi və videonu “Youtube”a yükləməsinə görə xuliqanlıqda ittiham olunması ilə bağlıdır. Rüstəmzadə həmin hadisələrin ardınca, xuliqanlıq və cinayətə, kütləvi iğtişaşların təşkilinə hazırlıq, qanunsuz olaraq silah əldə edib daşıyan, partlayıcı maddələrə və qurğulara sahib qrupa üzvlük kimi cinayət əməllərində təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10 (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi AİHM qarşısında heç bir cinayət əməli törətmədiyini, məhkum edilməsinin onun hüquqlarını pozduğunu iddia edib.
Emin Bəşirli və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər “Gənclərin HİV/AİDS və Narkomaniyaya Qarşı Mübarizə Mərkəzi-nin və digər ictimai birliklərin təsisçiləri olublar. Birliklər 2012-ci ildə təsis edilib. Ancaq Ədliyyə Nazirliyi adı çəkilən İB-in qeydiyyat sənədlərini dörd dəfə geri qaytarıb. Digər təşkilatların da qeydiyyatından imtina edilib.
Ərizəçilər AİHM qarşısında birləşmək (Konvesiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirlər.
Qubad Bayramov və Rəcəb İmanov Azərbaycana qarşı
Bu məhkəmə işi “İctimai Təşəbbüslər Mərkəzi”nin dövlət qeydiyyatına alınmaması ilə bağlıdır. Ədliyyə Nazirliyi 2012-ci ildə təsis edilmiş Mərkəzin qeydiyyat sənədlərini iki dəfə geri qaytarıb. Məhkəmələr nazirliyin hərəkətlərindən verilmiş şikayətləri təmin etməyiblər.
Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirlər.
Aynurə İmranova və Asya Əhmədova Azərbaycana qarşı
Bu məhkəmə işi “Media və Demokratiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dövlət qeydiyyatına alınmamasına aiddir. 2014-cü ildə təsis edilmiş birliyin qeydiyyat sənədlərini Ədliyyə Nazirliyi 2014-cü ildə geri qaytarıb.
Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirlər.
Yaşar Ağazadə və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi də qeyri- hökumət təşkilatlarınln qeydiyyata alınmaması ilə bağlıdır.
Ərizəçilərdən Y.Ağazadə “Həbsxana İslahatlarına Yardım” təşkilatının təsisçilərindən olub. Ədliyyə Nazirliyi 2011-ci ildə yaradılan təşkilatı qeydiyyata almayıb. Yerli məhkəmələr nazirliyin hərəkətlərini qanuni hesab ediblər.
Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirlər.
Sonuncu 4 işdə ərizəçilərin bəziləri dövlətin Konvensiyanın 34-cü (Fərdi şikayətlər) maddəsi üzrə öhdəliklərinə əməl etmədiyini də iddia edirlər.