Avropa Insan Haqları Məhkəməsi (AİHM) iyulun 22-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edəcək.
Mahmudov və Ağazadə Azərbaycana qarşı
Bu iş müxalif məzmunlu “Müxalifət” qəzetinin baş redaktorunun və əməkdaşının Azərbaycanın tanınmış siyasi xadimlərindən olan Cəlal Əliyevi ləkələdiyi iddia edilən məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır. C.Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra Rövşən Mahmudov və Yaşar Ağazadə Yasamal rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə böhtana görə məhkum ediliblər. Onların hər biri iki il altı ay müddətinə azadlqıdan məhrum edilib. Təxminən bir il sonra Ali Məhkəmə hər iki jurnalistə verilən cəzanı təsdiq edib. Ancaq Ali Məhkəmənin həmin qərarından əvvəl, 2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidentinin əfvi ilə azadlığa buraxılıblar.
Ərizəçilər AİHM-ə şikayətlərində məqalələrinə görə cinayət cəzasına məhkum edilmələri ilə ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
Azər Əhmədov Azərbaycana qarşı
Bu işdə ərizəçi Azər Əhmədov jurnalistdir, hadisələrin baş vürdiyi zaman müxalif məzmunlu “Azadlıq” qəzetinin direktoru olub. Ərizə A.Əhmədovun həmkarlarından Aqil Xəlilin bıçaqlanması olayının istintaqı çərçivəsində onun telefonunun dinlənilməsi ilə bağlıdır.
Ərizəçi Konvensiyanın 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsinə söykənərək, iddia edir ki, telefon danışıqlarının dinlənilməsi qanuna zidd olub.
Ərizəçi həmçinin, gizli dinləmə ilə bağlı qərarın onunla bağlı olmamasından, onun adının həmin qərarda qeyd edilməməsindən, gizli dinlənilmə qərarının yalnız həmkarına yönəlik olmasından da şikayət edib. Bu baxımdan, ərizəçi Konvensiyanın 6-ci (ədalətli məhkəmə araşdırması) və 13-cü (səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozuntusunu da iddia edir.
Kərimov və başqaları (daha iki nəfər) Azərbaycana qarşı
Bu işdə ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovdur. Şikayət onların aldıqları pul borcunu geri ödəmədiklərinə görə, həbs edilmələri ilə bağlıdır.
Ərizəçilər iddia edirlər ki, onlara münasibətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 4 saylı protokolun 1-ci maddəsi (borca görə azadlıqdan məhrum etmənin qadağan olunması) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.
Badalyan Azərbaycana qarşı
Bu işdə ərizəçi Ermənistan vətəndaşıdır, onun ərizəsi Azərbaycan-Ermənistan sərhəddində tutulması, 22 ay Azərbaycanda saxlanılması ilə bağlıdır.
Ərizəçi iddia edir ki, Azərbaycanda saxlanıldığı müddətdə onun Konvensiyanın 3-cü və 5-ci maddələıri ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.