Gözlənilən qərar və qərardadlar – 21 sentyabr 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 21-də Azərbaycandan göndərilmiş azı 13 ərizə üzrə 9 qərar və qərardadını elan edəcək.

Natiq Cavadlı Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçinin ölkədən çıxışına qadağa qoyulması və onun hava limanında sərhədçilər tərəfindən saxlanılması ilə bağlıdır.

Mərkəzi ofisi Azərbaycandan kənarda olan Meydan TV-nin əməkdaşı olan ərizəçi xaricə səyahət edərkən hava limanında saxlanılıb. Ölkədən çıxışına qadağa qoyulması əsası ilə saxlanılan ərizəçiyə izah edilib ki, bu qadağa ərizəçinin və onun həmkarlarının əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması ilə bağlıdır. Ərizəçi ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirsə də məhkəmələr onun şikayətini mahiyyəti üzrtə araşdırmaqdan imtina edib.

Ərizəçi AİHM qarşısında iddia edib ki, ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçi həmçinin, ona tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulmuşlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edir.

Aytac Əhmədova Azərbaycana qarşı

Məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışına qadağa qoyulmasının və onun hava limanında saxlanılıb axtarışa məruz qalmasının qanunsuzluğu iddiaları ilə bağlıdır.

Meydan TV-nin əməkdaşı olan ərizəçi həmkarları ilə birlikdə ölkədən xaricə səyahət edərkən hava limanında saxlanılıb. Saxlanılmasına ölkədən çıxışına qadağa qoyulması əsas göstərilib. Qadağa ərizəçinin və onun həmkarlarının əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması və onların həmin iş çərçivəsində şahid qismində cəlb edilmələri ilə izah edilib.

Ərizəçi müxtəlif tarixlərdə onun ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirib. Daxili məhkəmələr onun və onun həmkarlarının şikayətini mahiyyəti üzrtə araşdırmaqdan imtina ediblər.

Ərizəçi AİHM qarşısında iddia edib ki, onun ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçi həmçinin, ona tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulmuşlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edib.

Aynur Qənbərova Azərbaycana qarşı

Bu işdə də ərizəçi Meydan TV-nin əməkdaşıdır. N.Cavadlı və A.Əhmədova işində olduğu kimi bu işdə də ərizəçi səyahət edərkən hava limanında saxlanılıb, ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Ərizəçi həm də axtrışa məruz qalıb.

İşin halları qeyd edilən iki ərizəçinin işində olduğu kimidir. Qənbərova həmin işlərdəkindən əlavə olaraq, həm də axtarışa məruz qalmasının qanunsuzluğunu (8-ci maddə) iddia edir.

Zaur Məmmədov və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər inzibati qaydada cəzalandırılıblar. Siyasi baxımdan müxalif mövqeli olan ərizəçiləri polis əməkdaşları evlərdinən polis bölməsinə aparıb. Onlar sonradan polisin qanuni tələbinə əməl etməmək əsası ilə inzibati məsuliyyətə cəlb olunublar.

Ərizəçilər iddia edir ki, onlar hər hansı pozuntuya yol vermədikləri halda cəzalandırlıblar. Məhkəmələrinin ədalətsiz olduğunu, istədikləri vəkilə çatımlarının təmin edilmədiyini, barələrindəki məhkəmə qərarlarının heç bir hüquqi əsasının olmadığını bildirən ərizəçilər AİHM qarşısında Konvensiyanın 5-ci və 6-cı maddələrinin pozuntusunu qaldırblar.

Murad Muradov Azərbaycana qarşı

Bu iş ərizəçinin etiraz nümayişi zamanı həbs edilməsi və sonradan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmək) inzibati qaydada məhkum edilməsi ilə bağlıdır. Daxili məhkəmələr ona on sutka inzibati həbs cəzası verib.

Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsaslanaraq, daxili məhkəmələrin öz qərarları üçün əsaslar təqdim etməməsindən, inzibati məhkumluğunun onun sərbəst toplaşmaq hüququna qanunsuz və əsassız müdaxiləni təşkil etməsindən şikayət edib.

Ərizəçi bundan başqa ona münasibətdə 7 Saylı Protokolun 2-ci maddəsinin pozulduğunu iddia edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi onun şikayətinə gec, on sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra baxıb.

AİHM qeyd edilən işlərdən başqa daha 4 qərardadını elan edəcək. Azı 7 ərizə üzrə elan olunacaq həmin işlərin detalları haqda Məhkəmənin sənədlər bazasında məlumat yoxdur:

Əliyev və Babayev Azərbaycana qarşı;
Aşurov və Başqaları Azərbaycana qarşı;
Babayev və Başqaları Azərbaycana qarşı;
Vəliyev Azərbaycana qarşı;