Gözlənilən qərar və qərardadlar – 21 noyabr 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 21-də Azərbaycanla bağlı növbəti qərarını elan edəcək.

AZADLIQ qəzeti və CƏBRAYILZADƏ Azərbaycana qarşı

Məhkəməyə 2014-cü ildə təqdim edilmiş bu ərizə ifadə azadlığı hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Ərizəçilər müxalif yönlü qəzet və onun əməkdaşıdır. Ərizə Bakı şəhərindəki iri ticarət mərkəzlərinindən birinin rəhbəri barəsində ikinci ərizəçinin qələmə aldığı 2 məqalə və həmin məqalələrlə əlaqəli mülki məhkəmə prosesi ilə bağlıdır. Məqalələrdə ticarət mərkəzi rəhbərinin icarədarlarla müxtəlif qeyri-qanuni biznes münasibətlərindən bəhs edilib.

Ticarət mərkəzi rəhbəri məqalələrdə ifadə olunan məlumatların yalan, böhtan və onun reputasiyasına xələl gətirdiyini iddia edərək məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi həmin iddiaları təmin edərək, ərizəçi qəzetin üzərinə təkzib dərc etmək, 30.000 Azərbaycan manatı (AZN) təzminat ödəmək, ikinci ərizəçinin üzərinə isə 2.000 manat təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul edib. Yuxarı məhkəmələr həmin qərarı olduğu kimi qüvvədə saxlayıb.

Ərizəçilər Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, daxili məhkəmələrin qərarlarının onların ifadə azadlığı hüquqlarını pozduğunu iddia edirlər.