Gözlənilən qərar və qərardadlar – 21-23 sentyabr 2021

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 qərarını elan edəcək. İşlərin hamısında mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

Sentyabrın 21-də birləşdirilmiş 7 ərizə üzrə bir qərar elan ediləcək.

Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı (66249/16 və başqa altı ərizə)

Bu işdə ərizəçilər Səbail rayon sakinləridir. Onların mənzilləri 2011-12-ci illərdə yol tikintisi zamanı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, sökülüb. Ərizəçilərə hər kv.m üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində təzminat ödənilib. Onlar ümumi məbləğin 30 faizinə barəabər məbləğdə kompensasiyalara əlavəni isə ala bilməyiblər.

Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, mübahisə üzrə milli məhkəmələrin qərarları onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 14-cü maddəsi iıə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olub.

AİHM sentyabrın 23-də Azərbaycanla bağlı daha iki qərarını elan edəcək.

Qəzənfər Məmmədov Azərbaycana qarşı

Bu iş ərizəçinin vicdanlı alıcı olaraq, alqı-satqı yolu ilə sahibləndiyi kafenin, Bakı Metropolitenin verdiyi iddia üzrə (kafenin qanunsuz tikilməsi) çıxarılan məhkəmə qərarına əsasən, sökülməsi ilə bağlıdır. Ərizəçi söküntünün qanunsuz olması əsası ilə məhkəməyə müraciət edib, rayon məhkəməsi onun iddiasını təmin edib, ona təzminat ödənilməsinə qərar verib. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib. Ərizəçinin kassasiya şikayəti isə müddətin ötürülməsi əsası ilə icraata qəbul edilməyib.

Ərizəçi AİHM qarşısında mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.

Sugra Quliyeva Azərbaycana qarşı

Bu iş ərizəçinin Saray Bələdiyyəsinin aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi həmin sahədə kənd təsərrüfatı yönlü tikili və ev inşa etmişdi. Sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınmışdı. Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da ərizəçiyə pul ödənilmıyib. O, 178 min AZN təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-ni məhkəməyə verib. Ancaq onun iddiası təmin edilməyib.

Ərizəçi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir.