Gözlənilən qərar və qərardadlar – 20 may 2021

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 20-də Azərbaycanla bağlı 4 qərarını elan edəcək. Bu işlər birləşmək hüququnun pozuntusu iddiaları və 2017-ci ildə həbs edilmiş bloqer Aleksandr Lapşinin şikayəti ilə bağlıdır.

Mehman Əliyev və başqaları Azərbaycana qarşı

Bu iş daha sonrakı 2 işdə olduğu kimi birləşmək hüququnun pozuntusu iddiaları ilə bağlıdır. M.Əliyev 2009-cu ildə S.İsmayılov və E.Hüseynovla birlikdə “Media Monitorinq Institutu”nu təsis etsələr də Ədliyyə Nazirliyi həmin birliyi qeydiyyata almayıb. Yerli məhkəmələr də bunu qanuni sayıb.

Elçin Məmməd Azərbaycan qarşı

Bu işdə ərizəçinin təsisçisi olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib.

Elçin Abdullayev və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər E.Abdullayev və A. Nurməmmədov təsisçiləri olduqları (“HİV/AİDS və Vərəmli Xəstələrin Reabilitasiya və Müdafiə Mərkəzi”nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə qanuna müvafiq şəkildə müraciət etsələr də qeydiyyatdan imtina olunub. Yerli məhkəmələr nazirliyin qərarını haqlı sayıblar.

Hər 3 işdə birləşmək və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddia edilir. Hüquqşunas İntiqam Əliyevin təmsilçi olduğu işlərdə fərdi müraciət hüququnun pozuntusu da mübahisələndirilib.

Aleksandr Lapşin Azərbaycana qarşı

Bu iş İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabaş bölgəsinə qanunsuz daxil olması səbəbindən saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylarla bağlıdır. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə baş verdiyini iddia edir.