Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, martın 2-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 4 yekun qərar və qərardadlarını elan edəcək.
Əyyubzadə Azərbaycana qarşı
Bu işdə ərizəçi Orxan İbrahiməjdər oğlu Əyyubzadə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Şikayət müxalifət fəalı olan ərizəçinin saxlanılması və məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır.
Ərizəçi 2013 və 2014-cü illərdə hökumət əleyhinə keçirilmiş nümayişlərdə iştirak etdiyinə görə inzibati həbs cəzası çəkib. 2014-cü ildə cəzası başa çatdıqdan sonra o, azadlığa buraxılmalı idi, lakin əvəzində “dövlət məmuruna müqavimət və ya zorakılıq” ittihamı ilə yenidən həbs olunub. O, ittihamlarda təqsirli sayılıb və iki il müddətinə azadlıqdan məhrum edilib. Ərizəçi 2015-ci ildə prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.
Konvensiyanın 5-ci (azadlıq və təhlükəsizlik hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi, saxlanılmasının və həbsinin cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmamasından və ona qarşı irəli sürülən ittihamların uydurma olmasından şikayət edib.
Əfqan Muxtarlı və Gülağa Aslanlı Azərbaycana qarşı
Bu məhkəmə işi ərizələrin kiçik xuliqanlıq ittihamı ilə etiraz nümayişindən əvvəl tutulması, saxlanması və sonradan inzibati qaydada məhkum edilmələri ilə bağlıdır. Polis bölməsində saxlandıqdan sonra ərizəçilər məhkəməyə gətiriliblər, məhkəmə journalist olan ərizəçi Ə.Muxtarlını inzibati qaydada 50 Azərbaycan manatı (AZN) məbləğində cərimələyib. Müxalifət partiyasının üzvü olan ikinci ərizəçi isə inzibati qaydada 20 AZN məbləğində cərimə olunub.
Konvensiyanın 5-ci və 6-cı maddələrinə əsaslanan ərizəçilər onların tutulmasının və polisdə saxlanılmasının qanunsuzluğundan, ölkədaxili məhkəmə proseslərin ədalətsizliyindən şikayət edirlər. İkinici ərizəçi həmçinin, sərbəst toplaşmaq hüququnun pozulmasından da şikayət edib.
Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (İREX) Azərbaycana qarşı
Bu işdə ərizəçi beynəlxalq humanitar təşkilat olan İREX-in Azərbaycandakı nümayəndəliyidir. Ərizə ərizəçinin ofisində axtarış aparılması və bütün sənədlərin və kompüterlərin hakimiyyət orqanları tərəfindən götürülməsinin qanunsuzluğun iddiaları ilə bağlıdır. Ərizəçi təşkilat bir neçə yerli QHT və beynəlxalq təşkilatların nümayəndəliklərinə qarşı başlanmış cinayət işi çərçivəsində bank hesabının dondurulmasının qanunsuzluğundan da şikayət edib.
Şikayətdə Konvensiyanın 6-cı, 8-ci, 18-ci və 1 saylı protokolun 1-ci maddələrinin pozuntusu qaldırılır.
Hüseynov və başqaları Azərbaycana qarşı
Məhkəmənin sənədlər bazasında bu iş haqqında məlumat verilmir. Ərizə AİHM-ə 2018-ci ildə göndərilib.