Gözlənilən qərar və qərardadlar – 2 iyun 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 2-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edəcək. Qərar polisdə işgəncə hallarına etiraz məqsədilə yürüş keçirməyə cəhd edən ərizəçilərin saxlanılması, inzibati məsuliyyətə cəlb olunması, bununla bağlı icraatların ədalətli olmaması iddiaları ilə əlaqəlidir.

Dəyanət Babayev və başqaları Azərbaycana qarşı

Hadisələr 2012-ci ildə baş verib, mart ayında mediada siyasi motivlə həbs edildiyi iddia olunan M.M. və B.H.-nin işgəncəyə məruz qalması barədə məlumat yayılıb. Ərizəçilər və başqa şəxslər işgəncə iddialarının araşdırılması və ona etiraz edilməsi məqsədilə martın 6-da Daxili İşlər Nazirliyinin binası istiqamətində yürüş keçirməyə cəhd ediblər. Dinc aksiyaya, əsasən mülki geyimdə olan polis əməkdaşları zor tətbiq etməklə müdaxilə edib. Ümumilikdə, ərizəçilər də daxil olmaqla 17 etirazçı saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinə aparılıb. Saxlanılanlar barəsində idarədə inzibati xəta haqqında protokol tərtib edilib.

Birinci ərizəçi Dəyanət Babayev elə saxlanıldığı gün Yasamal Rayon Məhkəməsinə aparılıb, məhkəmə müəyyən edib ki, o, səs-küylə müayət olunan icazəsiz etiraz aksiyası keçirməklə ictimai asayişi pozub. Ərizəçini kiçik xuliqanlıqda günahkar bilən məhkəmə, onu 50 manat cərimə edib.

İkinci və üçüncü ərizəçilərsə, ictimai toplantıların keçirilməsi qaydalarını pozma-da günahkar biliniblər. Onların hər biri 10 manat məbləğində cərimə ödədikdən sonra sərbəst buraxılıblar.

Ərizəçilər Yasamal Rayon Polis İdarəsinə qarşı məhkəmədə iddia qaldırıblar. Polis əməkdaşlarının aksiyaya müdaxiləsinin qanunsuz və qeyri-adekvat olduğunu iddia edən ərizəçilər, iddialarını təsdiq edən dəlilləri – müxtəlif bədən, üz nahiyələrindəki xəsarətləri təsdiq edən fotoşəkilləri, tibbi sənədləri də məhkəməyə təqdim ediblər. Sərbəst toplaşmaq, ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini bildirən ərizəçilər, polis əməkdaşları barəsində tədbir görülməsini, habelə, mənəvi ziyana görə kompensasiya tələb ediblər. Ancaq məhkəmələr onların iddialarını rədd ediblər.

Ərizəçilər AİHM qarşısında etiraz aksiyasının dağıdılması ilə bağlı milli qurumlardakı icraatların ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə müşyaət olunduğunu iddia edirlər.

Onlar həmçinin aksiyanın dağıdılmasının iştirtakçıların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına zidd olduğunu iddia edirlər.

Ərizəçiləri vəkillər R.Mustafazadə və Ə.Mustafayev təmsil edir.