Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, fevralın 2-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarlarını elan edəcək. Ərizələrdə ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, mülkiyyət və digər hüquqların pozuntuları mübahisələndirilir.
Akşin Qarayev Azərbaycana qarşı
Azərbaycan vətəndaşı olan 1953-cü il doğumlu ərizəçi Akşin Qara oğlu Qarayev Bakı şəhərində yaşayır. O, “Maksima” adlı şirkətin sahibi olub.
Bu məhkəmə işi “Maksima” şirkətinə məxsus əmlakın, xüsusilə də mənimsəmə ittihamı üzrə açılmış cinayət işində sübut kimi tanınan 28 qaz turbininin 1997-ci ildən bəri rəsmi qurumların qərarları ilə götürülməsi-saxlanılması ilə bağlıdır. 1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və Konvensiyanın 13-cü maddəsinə (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) əsaslanan ərizəçi, ona məxsus mülkiyyətin davamlı və uzun müddət saxlanılmasından və bununla bağlı əlində hüquqi müdafiə vasitəsinin olmamasından şikayət edib.
Sərdar Əlibəyli Azərbaycana qarşı
Bu məhkəmə işi journalist olan ərizəçinin böhtan məzmunlu hesab edilən məqalələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.
İşin faktlarına görə, ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin iddiası üzrə Nizami rayon məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinib və üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Yuxarı məhkəmələr həmin hökmü dəyişdirməyib.
X. Ağəliyev Azərbaycana qarşı
Bu işdə ərizəçi məlumat və ifadə azadlığı ilə bağlı müxtəlif layihələri həyata keçirən QHT olan Media Hüququ İnstitutunun hüquqşünasıdır. Ərizəçi 2010-cu ildə dövlət büdcəsindən maliyyələşən, səhmləri dövlətə məxsus olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) informasiya sorğusu göndərib, aşağıdakı public bilgilərin ona təqdim edilməsini xahiş edib:
(a) 2009-cu ildə dövlət büdcəsindən AzTV-yə ayrılan vəsaitin məbləği;
(b) AzTV-nin 2009-cu il büdcəsindən işçilərinin maaşları üçün ayrılmış məbləğ;
(c) AzTV-nin müxtəlif rəhbər işçilərinin aylıq əmək haqqının həcmi;
(d) AzTV-nin 2009-cu il büdcəsindən onun nəqliyyat vasitələrinin alınması və təmiri və onların yanacaqla təmin edilməsi üçün ayrılmış vəsait;
(e) AzTV-nin 2009-cu il büdcəsindən AzTV-nin əsas binasının və ona məxsus digər binaların təmiri üçün ayrılmış məbləğ;
(f) AzTV-nin 2009-cu il büdcəsindən onun internet saytının saxlanması üçün ayrılmış məbləğ.
Sorğuya cavab almayan ərizəçi Səbail Rayon Məhkəməsinə şikayət verib, xahiş edib ki, axtardığı informasiyaların ona təqdim edilməsini nəzərdə tutan qərar qəbul etsin. Məhkəmələr onun iddiasını təmin etməyib.