Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, yanvarın 19-da Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edəcək. Ərizələrdə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntuları mübahisələndirilir.
Xural qəzeti və Əvəz Zeynalov Azərbaycana qarşı (№ 2)
Bu işdə ərizəçilər Xural (Xural) qəzeti və Əvəz Tapdıq oğlu Zeynalovdur. 1970-ci ildə anadan olan və Bakı şəhərində yaşayan cənab Zeynalov “Xural” qəzetinin baş redaktorudur.
Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin bu qəzetdə dərc edilmiş iki məqaləyə görə, mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlıdır. “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində digər məsələlərlə yanaşı KİV-ə Dövlət Dəstəyi Fondunun hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərli tənqid edilmişdi.
V.Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr Xural qəzetini 5 min manat cərimələmişdi. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.
Ərizə AİHM-ə 2012-ci ildə göndərilib.
Zayidov Azərbaycana qarşı (№ 3) (№ 60824/08)
Bu işdə ərizəçi Qənimət Səlim oğlu Zayidov 1963-cü ildə anadan olmuş, Fransada yaşayan Azərbaycan vətəndaşıdır. O, müxalif yönümlü “Azadlıq” qəzetinin redaktoru və müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (Azərbaycan Xalq Cəbhəsi Partiyası) üzvüdür.
Bu məhkəmə işi ərizəçinin qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdfan məhrum edilməsi ilə bağlıdır. İşin hallarına görə, ərizəçi “Azadlıq” qəzetinin o vaxtkı ofisinin qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetirib. Yerli məhkəmələr ərizəçini təqirli bilib, barəsində 4 il müddətinə azadlqıdan məhrum etmə hökmü çıxarıblar. Ərizəçi 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib.
Ərizə AİHM-ə 2008-ci ildə göndərilib.
Azər Mehtiyev Azərbaycana qarşı
Bu işdə ərizəçi sosial və iqtisadi məsələlərlə bağlı müxtəlif layihələr icra edən qeyri-hökumət təşkilatı olan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (QHT) sədri idi. Xüsusilə, bir sıra digər QHT-lərlə birlikdə dövlət büdcəsindən maliyyələşən iri dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırmalar aparırb.
Ərizəçi həmin layihələrdən biri çərçivəsində 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) informasiya sorğusu göndərib. Ərizəçi aşağıdakı məlumatların ona təqdim edilməsini xahiş edib:
(a) SOCAR-ın əvvəlki üç ildə xaricdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən həmin layihələrin dəyəri, layihələrə ayrılmış vəsaitlər və maliyyələşdirmə mənbələri;
(b) SOCAR-ın imzaladığı kredit müqavilələri və alınan xarici kreditin məbləği;
(c) SOCAR-ın nizamnamə kapitalının məbləği, əvvəlki üç ildə nizamnamə kapitalının artırılması üçün ayrılmış vəsaitin məbləği və mənbələri.
ARDNŞnin vitse-prezidentlərindən biri sorğulanan bilgiləri verməkdən imtina edib.
Ərizəçinin yerli məhkəmələr qarşısında qaldırdığı iddialar rədd edilib.
Ərizəçi AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edir.
Ərizə AİHM-ə 2010-cu ildə göndərilib.
Yaşar Ağazadə Azərbaycana qarşı
Bu işdə ərizəçi jurnalistdir.
2010-cu ildə Azərbaycanın bir sıra rayonlarında təbii fəlakət baş verib, Kür və Araz çaylarının irimiqyaslı daşması nəticəsində çox sayda vətəndaşa məxsus mülklər ya dağılıb, ya da zədələnib. Azərbaycan prezidentinin sərəncamı ilə təbii fəlakətlə mübarizə üzrə xüsusi Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına zərər çəkmiş rayonların iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, zərərçəkmişlərə dövlət tərəfindən pul kompensasiyasının ödənilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirmək tapşırılıb. Ölkənin baş naziri komissiyanın sədri təyin edilib.
Ərizəçi Dövlət Komissiyasına və onun sədrinə informasiya sorğusu ilə müraciət edib, digər məsələlərlə yanaşı, zərərçəkmişlərə ödəniləcək kompensasiyanın məbləğləri, zərər çəkmiş rayonların bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatların və hesabatların surətlərinin ona təqdim edilməsini xahiş edib. Ancaq sorğuya ümumiyyətlə cavab verilməyib.
Yerli məhkəmələr ərizəçinin iddialarını rədd edib.
Ərizəçi AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edir.
Ərizə AİHM-ə 2012-ci ildə göndərilib.