Gözlənilən qərar və qərardadlar – 18 yanvar 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvar ayının 18-də Azərbaycandan göndərilmiş 20-dən artıq ərizə üzrə 11 yekun qərar və qərardadlarını elan edəcək.

İsmayılzadə Azərbaycana qarşı (№17780/18)

Ərizəçi Leyla Miryaqub qızı İsmayılzadə 1990-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakı şəhərində yaşayır. Məhkəmə işi dövlət orqanlarının ərizəçinin yeni doğulmuş övladı üçün seçdiyi adı qeydiyyata almaqdan imtina etməsi ilə bağlıdır.

Ərizəçi bir neçə dəfə oğluna verdiyi Əbülfəzlabbas adının və həmin adın müxtəlif versiyalarının qeydiyyata alınması üçün müraciət edib, amma bu müraciətləri uğursuz olub. Qeydiyyat qurumu qeyd edilən adın Azərbaycan Milli Elmlər Akademiyasının təsdiq etdiyi siyahıda olmaması əsası ilə buna icazə verməyiblər. Yerli məhkəmələr bu yanaşmanı haqlı sayıb, eyni zamanda qeyd edilən adların tələffüz problem yaradacağı səbəbindən yeni doğulmuş körpənin maraqlarına uyğun olmayacağını ifadə edib.

Ərizəçi Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) əsaslanaraq, oğluna seçdiyi adın qeydə alınmasından imtina edilməsinin qanunsuzluğundan şikayət edir.

Adnan HACIZADƏ və Emin ABDULLAYEV Azərbaycana qarşı (№4854/10)

Ərizəçilər Adnan Hacızadə və Emin Milli (Abdullayev) 8 iyul 2009-cu il tarixdə Bakıdakı «Livan» restoranında baş verən insidentdən sonra saxlanılmışdılar. Hücuma məruz qalan və döyülən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüş, Hacızadə 2 il, Emin Milli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Hadisələrin baş verdiyi vaxt onlar, eləcə də yerli və beynəlxalq ictimaiyyət blogerlərin fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildirirdilər. Hər iki ərizəçi həbslərindən bir qədər öncə sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik video məzmunlar paylaşmışdılar.

Ərizəçilər AİHM qarşısında bildirmişdilər ki, hadisə vaxtı yaralanmalarına baxmayaraq, polis onları saxlayıb, adekvat tibbi yardım göstərməməklə, xəsarət aldıqları halda qollarını qandallayıb dindirməklə pis rəftara məruz qalıblar, cinayət törətmələrinə dair hər hansı əsaslı şübhə olmadan saxlanılıblar, uyğun və yetərli əsaslar olmadan məhkəməyəqədər həbs ediliblər.

Ərizəçilər barələrindəki cinayət prosesinin bütövlükdə ədalətsiz və özbaşına olmasından, hüquqi yardıma çatımlarının təmin edilməməsindən, hüquq-mühafizə orqanlarının mətbuata bəyanatları ilə təqsirsizlik hüquqlarına müdaxilə olunmasından, məhkəməyəqədər həbs müddəti ərzində ailə üzvlərinin onlara baş çəkməsinə icazə verilməməsindən şikayət ediblər.

Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçilər həmçinin, iddia ediblər ki, cəzalandırılmaları ictimai fəallıqları və hökuməti ictimai tənqid etmələri ilə bağlı olub.

Aygün MAHMUDOVA Azərbaycana qarşı (№69201/11)

Ərizəçi xanım Aygün Mahmudova Azərbaycan vətəndaşıdır, 1966-cı ildə anadan olub və Bakıda yaşayır. İşin hallarına görə, ərizəçi Bakıda qeyri-yaşayış binasının tikildiyi torpaq sahəsinə sahib olub. Sonradan həmin bina sökülüb və yeni bina inşa edilməsinə başlanılıb. Ərizəçi bunun qanunsuzluğunu məhkəmədə mübahisələndirsə də birinci instansiya məhkəməsi onun şikayətini rədd edib.

Apellyasiya instansiyası isə ərizəçinin şikayətini qismən təmin edib, belə qərara gəlib ki, tikinti işi etibarlı olmayan etibarnamə əsasında aparılıb. Ərizəçinin kassasiya şikayəti isə rədd edilib.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, onun mülkiyyət hüququnun qanunsuz olaraq əlindən alınmasından, dövlətin onun mülkiyyət hüququnu müdafiə etməməsindən şikayət edib.

İlqar MƏMMƏDOV və başqaları Azərbaycana qarşı (№27390/17)

Məhkəmə işi ərizəçilərin saxlanılması və inzibati qaydada həbs edilməsi ilə bağlıdır.

Ərizəçilər müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir. Onlar Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia ediblər ki, hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalifətçi olduqlarına, tənqidi çıxışlar etdiklərinə görə cəzalandırılıblar.

Məhəmməd BAĞIROV Azərbaycana qarşı (№20698/15)

Məhkəmə işi ərizəçinin məhkəməyə qədər həbsinin, eləcə də məhkəmə prosesi zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu ilə bağlıdır.

Məhkəməyə qədər həbs edilən və həbs müddəti bir neçə dəfə uzadılan ərizəçi AİHM qarşısında iddia edib ki, həbsdə saxlanılması üçün hər hansı uyğun və yetərli əsaslar mövcud olmayıb.

Ərizəçi həmçinin, məhkəmə zallarında metal qəfəslərə yerləşdirilməsinin onun Konvemsiyanın 3-cü maddəsi ilə təminat altına alınan haqlarını pozduğunu iddia edib.

Eldəniz HACIYEV və Salman ABDULLAYEV Azərbaycana qarşı (21807/18 və №38997/22)

Bu işdə ərizəçilər İslam təmayüllü nurçu təriqətinin üzvləridir.

Ərizəçilər şəxsi evlərdə dini yığıncaq təşkil etdiklərinə görə, saxlanılıblar, ardınca, inzibati qaydada məsuliyyətə (1500 AZN cərimə) cəlb ediliblər. Onların cəzalandırılmaları dini yığıncaq üçün müvafiq orqanlardan əvvəlcədən icazə almamaları ilə əsaslandırılıb.

Konvensiyanın 5, 6 və 9-cu maddələrinə əsaslanan ərizəçilər iddia edirlər ki, onların saxlanılması və inzibati qaydada mühakimə olunmaları, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqlarını pozub.

Qeyd edilən işlərdən başqa AİHM yanvarın 18-də Azərbaycanla bağlı daha 5 qərarını elan edəcək. Həmin işlərin detalları haqda məhkəmənin sənədlər bazasında məlumat verilmir.

Müsavat Partiyası Azərbaycana qarşı (№43352/16);
Məmmədov və başqaları Azərbaycana qarşı (№6307/18);
Məmmədov Azərbaycana qarşı (№8640/20);
Nadirli və başqaları Azərbaycana qarşı (№38567/19);
Səfərov Azərbaycana qarşı (№9664/20);