Avropa İnsan Haqları Məhkəməsi noyabrın 18-də Azərbaycanla bağlı növbəti qərarlarını elan edəcək.
Əhmədova Azərbaycana qarşı
Ərizəçi Səyyarə Əhmədovanın şikayəti onun evinin sökülməsi, onun və qızının kompensasiya ödənilmədən evdən çıxarılmasını nəzərdə tutan qərarlarla bağlıdır. Şikayətə görə, Ərizəçi 2007-ci ildə Bakının Səbail rayonunda ev satin alıb. 3 il sonra yerli məhkəmələr Dövlət Neft Şirkətinin evin sökülməsini və ərizəçinin evdən çıxarılmasını tələb edən iddiasını təmin edib. Məhkəmə evin neft hasilatı üçün ayrılmış dövlət torpaq sahəsində icazəsiz tikili olduğunu müəyyən edib. Qərarlar hələ icra edilməyib.
Ərizəçi mülkiyyət və şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyini iddia edir.
Par və Hyodo Azərbaycana qarşı
Bu işdə ərizəçilər İstanbulda yaşayan Türkiyə vətəndaşı Serpil Par və Yokohamada (Yaponiya) yaşayan Yaponiya vətəndaşı Katsunori Hyodo-dur. Onların şikayəti, 2010 və 2011-ci illərdə Bakı beynəlxalq hava limanından keçərkən, gömrük orqanları tərəfindən saxlanılmaları, bəyan edilməmiş pul məbləğinin götürülməsi ilə bağlıdır.
Hər iki ərizəçiyə hadisələrin baş verdiyi zaman, qaçaqmalçılıq ittihamı ilə cinayət işi qaldırılıb. Ərizəçilər bəyan edilməyən pulun müsadirəsinə razılıq verdikdən sonrahəmin cinayət işinə xitam verilib.Qısa müddət sonra ölkəni tərk edən ərizəçilər, sonra pullarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediblər, lakin bunun nəticəsi olmayıb.
Onlara məxsus pul məbləğinin qanunsuz, təzyiq altında müsadirə edildiyini iddia edən ərizəçilər, mülkiyyət hüquqularına müdaxilənin baş verdiyini iddia edirlər.