Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, oktyabr ayının 17-də Azərbaycanla bağlı 7 qərar və qərardadını elan edəcək.
Natiq Adilov Azərbaycana qarşı
Jurnalist olan ərizəçi 2012-ci ildə Maliyyə Nazirliyinə informasiya sorğusu göndərərək dövlət büdcəsindən vəsait alan Bakı Dövlət Universitetinin 2011-ci il üzrə maliyyə hesabatının surətinin ona təqdim edilməsini xahiş edib. Maliyyə Nazirliyi 2013-cü ildə ərizəçiyə cavab verib, sorğun aldığını təsdiqləyib və sorğunun birbaşa BDU-ya göndərilməsinin məqsədəuyğun olduğunu qeyd edib.
Ərizəçinin BDU-dan məlumat almaq cəhdləri də heç bir nəticə verməyib, BDU, ərizəçiyə tövsiyyə edib ki, Maliyyə Nazirliyinə müraciət etsin. Ardınca, ərizəçi Maliyyə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıb. İddianı rədd edən məhkəmə qərarında qeyd edib ki, nazirlik qanuni hərəkət edib və ərizəçinin sorğusuna cavab göndərməklə “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulmuş öhdəliklərinə əməl edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə ərizəçinin növbəti şikayətlərini rədd edib.
Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edir.
Simuzər Babayeva Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçinin qardaşının həbsxanada ölümü və olayın doğru araşdırlımaması ilə bağlıdır. Rəsmi versiyaya görə, ərizəçinin qardaşı 2014-cü ildə həbsxanada vəfat edib, ərizəçiyə telefonlabu haqda məlumat verilib, ölümün səbəbi ilə bağlı əlavə təfərrüatlar ona bildirilməyib. Ərizəçi morqa gedib, qardaşının meyitinə baxış keçirib. Ərizəçi bildirir ki, qardaşının bədənində, xüsusən qollarında, ayaqlarının altında, boynunda, onurğasında və üzündə çoxsaylı zorakılıq əlamətlərini müşahidə edib, müxtəlif fotoşəkillər çəkib. Hadisə baş verən gün həmçinin, etiraz əlaməti olaraq, olayların yaşandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində iğtişaş baş verdiyi bildirilir.
2015-ci ilin yanvarında Qaradağ Rayon Prokurorluğunda olayla bağlı cinayət işi (vəzifə səlahiyyətlərini aşma) başlanıb. Ancaq uzun araşdırmalardan sonra həmin cinayət işinə xitam verilib.
Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncəyə məruz qalmamaq) və 13-cü maddələrinə əsaslanan ərizəçi, dövlətin həbsxanada qardaşının həyatını qoruya bilməməsindən, qardaşının həbsxana nəzarətçiləri tərəfindən işgəncəyə məruz qalmasından, mühafizəçilər tərəfindən qətlə yetirilməsindən və qardaşının ölümü ilə bağlı hər hansı səmərəli araşdırma aparılmamasından şikayət edib.
Zöhrab İsmayılov Azərbaycana qarşı
İşin hallarına görə, ərizəçi 2004-cü ildə Bakının Bibiheybət ərazisində ev tikib, həmin vaxtdan həmin evdə ailəsi ilə birlikdə yaşayıb. Ev bütün kommunal xidmətlərə qoşulub, ərizəçi elektrik, qaz və su haqqlarını vaxtında ödəyib. Ərizəçinin şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi həmin evin ünvanı göstərilib. Ərizəçinin evinin yerləşdiyi ərazi çoxlu evlər, xəstəxana, uşaq bağçası, məktəb və binalardan ibarət yaşayış məntəqəsi olub.
Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ildə Səbail Rayon Məhkəməsində ərizəçiyə qarşı iddia qaldırıb, evin həmin şirkətə ayrılmış dövlət torpaq sahəsində qanunsuz tikilməsi əsası ilə ərizəçinin hesabına sökülməsini tələb edib. Ərizəçi qarşılıqlı iddia ilə çıxış edərək, kompensasiya tələb edib. Səbail rayon məhkəməsi şirkətin iddiasını təmin, ərizəçinin iddiasını rədd edib. Yuxarı məhkəmələr yekun olaraq, həmin qərardan verilmiş şikayətləri təmin etməyib.
Ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia edir.
Rauf Rzayev və başqaları Azərbaycana qarşı
Məhkəmə işi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlıdır.
Qeyd olunan ərazilərdə evləri, mənzilləri və qeyri-yaşayış obyektləri olan ərizəçilər evlərinin, obyektlərin sökülməsi, köçürülmələri prosesinin zamanı onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirlər.
Malik Kərimov Azərbaycana qarşı
Bu işdə də ərizəçi ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib. İşin hallarına görə, ərizəçiyə məxsus əmlak özgəninkiləşdirilib. Yerli məhkəmələr ərizəçiyə məxsus əmlakın qanuna uyğun olaraq özgəninkiləşdirildiyini, adekvat kompensasiya məbləğinin ödənildiyini müəyyən etsə də ərizəçi əmlakının özgəninkiləşdirilməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edib.
Ayna Əlizadə Azərbaycana qarşı
Aslan Əhmədov Azərbaycana qarşı
Bu işlər də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlıdır. Ərizəçilər Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edir.