Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martin 17-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edəcək.
Vidadi İsgəndərov Azərbaycana qarşı
Bu iş ərizəçinin saxlanılma şəraitinin, məhkəməyə qədər həbs edilməsinin, həbs müddətinin uzadılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır.
Şəkərli diabetdən əziyyət çəkən ərizəçi 2011-ci ildə saxlanılıb. O, Nəsimi rayon polis idarəsində iki nəfərlik kamerada yeddi nəfərlə birlikdə saxlanılıb. Aprelin 26-27-də həmin kamerada saxlanılan ərizəçi yemək və içməli su ilə təmin olunmayıb. Ərizəçinin həbsdə saxlanma şəraitinin qanunsuzluğu ilə bağlı şikayətini cinayət prosesini həyata keçirən orqan təmin etməyib, həmin qərardan şikayəti isə milli məhkəmələr rədd ediblər.
Ərizəçi daha sonra ona qarşı irəli sürülmüş ittihamlar üzrə (döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə) təqsirli bilinib. O, iddia edir ki, barəsindəki məhkəmə araşdırmaları ədalətli olmayıb.
Ərizəçi bu işdə ona münasibətdə Konvensiyanın 3-cü, 5-ci və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edir.