Avropa İnsan Haqları Məhkəməsi (AİHM) may ayının 16-da Azərbaycanla bağlı 3 yeni qərarını elan edəcək.
AZADLIQ QƏZETİ və Qənimət ZAYİDOV Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçilərə – müstəqil tənqidçi qəzetə və onun redaktoruna qarşı “Müdafiə Nazirliyində ucuz ətin sirri” sərlövhəli məqalə ilə əlaqədar qaldırılmış mülki məhkəmə çəkişməsi ilə bağlıdır.
Sözügedən mübahisəli məqalədə digər məsələlərlə yanaşı, adı çəkilən nazirliyin Ukraynadan əsgərlər üçün bazar qiymətindən xeyli ucuz qiymətə ət idxal etdiyi iddia edilirdi. Ətin Çernobıldan gətirildiyi, keyfiyyətsiz olduğu vurğulanırdı. Müdafiə Nazirliyi məqalədə yer alan məlumatların yalan olduğunu, nazirliyin və onun əməkdaşlarının peşə nüfuzuna xələl gətirdiyini əsas gətirərək qəzeti və onun redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin faktiki ifadələrinin doğruluğunu sübut edə bilmədiklərini müəyyən edərək, iddiaçının xeyrinə qərar çıxarmış və qəzeti mənəvi ziyana görə nazirliyə 10.000 manat təzminat ödəməyə məhkum etmişdi. Yuxarı məhkəmələr həmin qərarı dəyişməmişdi.
Əli HÜSEYNOV Azərbaycana qarşı
Bu iş ərizəçiyə qarşı pis rəftara yol verilməsi, pis rəftarla bağlı şikayətlərin effektiv araşdırılmaması iddiaları ilə bağlıdır.
Ərizəçi 2015-ci ildə baş vermiş “Nardaran hadisələri” ilə bağlı həbs edilib, ardınca ağır cinayətlərə görə mühakimə olunub. O, iddia edir ki, həbs edilərkən, transfer edilərkən pis rəftara məruz qalıb. Yerli orqanlar isə ərizəçinin müvafiq şikayətləri üzrə səmərəli araşdırma aparmayıblar. Ərizəçi xüsusilə iddia edir ki, pis rəftarın məqsədi özünə qarşı ittihamlar və ya Nardaran hadisələri ilə bağlı həbs edilmiş digər şəxslər haqda etirafedici ifadələr almaq olub. Ərizəçi iddia edir ki, pis rəftar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş verib – qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılıb, öz seçdiyi vəkillə əlaqə saxlamaq imkanı verilməyib, ailəsi ilə əlaqə qura bilməyib.
Orxan ƏYYUBZADƏ Azərbaycana qarşı
Bu iş ərizəçiyə qarşı cinayət təqibinin ədalətsizliyi iddiaları ilə bağlıdır.
Hadisələrin baş verdiyi vaxt ərizəçi Nida vətəndaş hərəkatının üzvü olub. 2013-2014-cü illərdə ərizəçiyə qarşı digərləri ilə yanaşı narkotika, vəzifəli şəxslərə qarşı müqavimət ittihamları üzrə cinayət işi başlanıb, o, şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı cinayət təqibinin onu cəzalandırmaq və vətəndaş fəallığının qarşısının alınması məqsədi daşıdığını iddia edən Ərizəçi, məhkəmə qarşısında Konvemsiyanın 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunu mübahisələndirib.