Gözlənilən qərar və qərardadlar – 16 iyun 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 16-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 1 qərarını elan edəcək.

Ramiz Cəfərov Azərbaycana qarşı

Ərizəçi Ramiz İsmayıl oğlu Cəfərov Azərbaycan vətəndaşıdır, 1954-cü ildə anadan olub, Bakı şəhərində yaşayır.

Bu məhkəmə işi ərizəçiyə prokurorluq orqanlarında işlədiyi illərə görə xüsusi pensiya təyin edilməsindən imtina olunması ilə əlaqədardır. Ərizəçi, 2000-2007-ci illərdə hakim işləyib, ona qədər 1977-2000-ci illərdə isə hüquq mühafizə qurumlarında müxtəlif vəzifələrdə (müstəntiq, prokuror müavini və prokuror) çalışılb.

Pensiya təyinatı ilə bağlı müraciətinin rədd edilməsindən sonra, 2007-ci ildə ərizəçi Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırıb. İddiaya baxılması 2017-ci ilə qədər davam edib. Həmin il Ali Məhkəmə iddianı rədd edib, “qanunla müəyyən edilmiş minimum xidmət müddətinin tamamlanmaması”nı əsas kimi göstərib.

1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və Konvensiyanın 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddəsinə söykənən ərizəçi, iddia edir ki, ona xüsusi pensiya təyin edilməsindən imtina olunması onun mülkiyyət hüququnu pozub və ayrı-seçkilik xarakteri daşıyıb. Ərizəçi həmçinin, 6-cı maddəyə (ədalətli məhkəmə araşdırması hüququ – ağlabatan müddət) əsasən şikayət edib ki, ölkədaxili proseslər həddən artıq uzun olub.