Gözlənilən qərar və qərardadlar – 15 dekabr 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, dekabrın 15-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarlarını elan edəcək. Ərizələrdə Avropa Konvensiyasının 5-ci və 18-ci maddələrinin pozuntuları mübahisələndirilib. 4 bənzər ərizə birləşdirilib.

Savalanlı və Başqaları Azərbaycana qarşı

Ərizəçilər Cabbar Novruz oğlu Savalanlı, Fərəc Raqif oğlu Kərimov, Sirac Raqif oğlu Kərimli və Murad Güləhməd oğlu Ədilov Sumqayıtda (Cənab Savalanlı) və Bakıda yaşayan Azərbaycan vətəndaşıdırlar. Məhkəmə işi müxalif siyasi partiyaların üzvləri və fəalları olan ərizəçilərin narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb istintaqa cəlb edilməsi ilə bağlıdır.

Ərizəçilər Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinə əsaslanaraq, xüsusilə, hökumət əleyhinə fəaliyyətlərinə görə, qurama sübutlar əsasında, əsaslı şübhələr olmadan saxlanılma və həbs edilmələrindən, yerli məhkəmələrin onların həbsdə saxlanmaları üçün yetərli səbəblər təqdim edə bilməməsindən şikayət ediblər.

Ərizəçiləri vəkil və hüquqşunaslar İntiqam Əliyev, Nemət Kərimli və Yalçın İmanov təmsil edir.

Cavid Məmmədov Azərbaycana qarşı

Bu məhkəmə işi də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Ərizəçi iddia edir ki, yerli məhkəmələr onun həbsinə qanuni əsaslar göstərə bilməyib.

Ərizəçinin təmsilçisi vəkil Cavad Cavadov olub.

İbrahimov Azərbaycana qarşı

AİHM bazasında bu işin təfərrüatları haqda bilgi verilmir.