Gözlənilən qərar və qərardadlar – 13 oktyabr 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 13-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 2 yeni qərarını elan edəcək.

Məlikov və başqaları Azərbaycana qarşı

Bu məhkəmə işlərində ərizəçilər (M.Heydərzadə, T.Səfərov, D.Məlikov) azadlıq və toxunulmazlıq hüququnun pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər Konvensiyanın 5.1 və 5.2-ci maddələrinə söykənərək, bir müddət məhkəmə qərarı olmadan həbsdə saxlanılmasının qanunsuzluğundan şikayət ediblər.

Əmirov Azərbaycana qarşı

Bu məhkəmə işi məhkəmə qərarının icra edilməməsinə görə ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən inzibati həbs cəzasına məhkum edilməsi ilə bağlıdır.

Ərizəçi ona münasibətdə Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) və 4 Saylı Protokolun 1-ci maddəsinin (Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması) pozuntusunun baş verdiyini iddia edir.