Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 13-də Azərbaycandan göndərilmiş ərizələrlə bağlı 2 qərar və qərardadını elan edəcək.
RFE/RL Inc. (Azadlıq Radiosu) və başqaları (3) Azərbaycana qarşı
Bu işdə ərizəçilər 4 onlayn media resursudur – Azad Avropa/Azadlıq Radiosu (azadliq.org), anaxeber.az onlayn xəbər portalının təsisçisi və redaktoru Azər Talıbov, az24saat.org onlayn xəbər portalının təsisçisi Vüqar Ələkbərov və xural.com saytının baş redaktoru Əvəz Zeynallı.
2017-18-ci illərdə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı tənzimləmələri dəyişdirən dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra ərizəçi olan dörd onlayn mediaya Azərbaycan daxilindən giriş tamamilə blok edilib. Yerli məhkəmələr qərarlarını qanunvericiliyə edilmiş dəyişikliklərlə əsaslandırıblar.
Yerli məhkəmələr hesab edib ki, adı çəkilən medialarda yayılmış bəzi məzmunlar Azərbaycanın media qanunvericiliyinə uyğun olaraq yayılması qadağan edilmiş məzmunlar olub. Məhkəmələr azadliq.org saytının “zorakılığı və dini ekstremizmi təbliğ edən və kütləvi iğtişaşlara çağıran məlumatlar”, digər saytların isə “yalan, aldadıcı və böhtan xarakterli məlumatlar” yaydığı qənaətinə gələrək, onların blok edilməsinə qərar verib.
Ərizəçilər məhkəmə qarşısında iddia ediblər ki, konkret məzmunlara yox, bütün internet resursuna blokun qoyulması ifrat dərəcədə ağır olub. Onlara görə, bloklama hansısa qanunsuz məzmunun yayılmasının önlənməsi məqsədi yox, hökuməti tənqid edən məzmunların qarşısının alınması məqsədi daşıyıb.
Ərizəçilər onlara münasibətdə Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 18-ci maddələrinin pozulduğunu iddia edirlər.
Zakir Mustafayev və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi cinayət ittihamı irəli sürülmüş ərizəçilərin saxlanılan və həbs edilən zaman işgəncə və qeyri-insani rəftara məruz qalmaları iddiaları ilə bağlıdır. Ərizəçilər iddia edirlər ki, onlara etirafedici ifadələr vermələri üçün işgəncə verilib. Müxtəlif bədən xəsarətləri aldıqlarını, öz seçdikləri vəkillərə çatıma imkan verilmədiyini, ailələrinin həbsləri haqda bilgiləndirilmədiyini iddia edən ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü və 10-cu maddələrinin pozuntusunu mübahisələndiriblər.